Mətbuat Şurasında «Ömür bitsə də…» kitabının təqdimat mərasimi keçirilib

Mətbuat Şurasında «Ömür bitsə də…» kitabının təqdimat mərasimi keçirilib
# 20 noyabr 2013 13:53 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Mətbuat Şurasında (MŞ) tanınmış jurnalist, yazıçı-publisist və naşir Ağəddin Mansurzadəyə həsr olunmuş «Ömür bitsə də…» kitabının təqdimat mərasimi keçirilib.

Şuradan APA-ya verilən məlumata görə, tədbiri açan MŞ sədri Əflatun Amaşov bildirib ki, Ağəddin Mansurzadə gözəl insan, peşəkar və prinsipial jurnalist kimi tanınıb: “Kitabda 200-dək şəxsin Ağəddin müəllim barədə xatirələri toplanıb. Nəşrin tərtibçisi və redaktoru mərhum qələm sahibinin övladı Orxan Mansurzadə, məsləhətçiləri əməkdar jurnalist Dağbəyi İsmayılov və jurnalist Hacı Mehman Fərzullayevdir”.

Milli Məclisin deputatı, şair Sabir Rüstəmxanlı çıxışında Mansurzadələr nəslinin Sumqayıt şəhərinin həyatında son dərəcə mühüm mövqe tutduqlarını, ənənə yaratdıqlarını xatırladaraq Ağəddin Mansurzadə şəxsiyyətini ənənələri yaşadan dəyərli sənət adamı kimi xarakterizə edən cəhətlərdən söz açıb.

Qeyd olunub ki, mərhum A.Mansurzadə jurnalistlik və naşirliklə yanaşı, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının üzvü də olub. Şeyxülislam Hacı Allahşükür Paşazadənin toplantıya ünvanladığı məktubda onun jurnalistika sahəsindəki fəaliyyəti ilə yanaşı, din xadimi kimi mənəvi keyfiyyətlər daşıyıcısı olduğu, insanları düzlüyə, saflığa, imana çağıran əsərlərinin yaradıcılığında önəmli yer tutduğu vurğulanıb. Şeyxin məktubu Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri, Qazı Hacı Mirəziz Seyidzadə tərəfindən oxunub.

Tədbirdə MŞ İdarə Heyətinin üzvləri «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, BDU-nun jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli, İnsan Hüquqları üzrə Müvəkkilin mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmli, jurnalist Ənvər Məşədiyev, tarix elmləri doktoru, professor Anar İsgəndərov, xalq artisti Canəli Əkbərov, şair Vahid Əziz, «Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu, həmçinin mərhumun sənət dostlarından Mehman Fərzullayev, Kamran Nəzərli, Şəddat Cəfərov və başqaları çıxış ediblər.

Sonda A.Mansurzadənin övladı, «Ömür bitsə də…» kitabının tərtibçisi və redaktoru Orxan Mansurzadə çıxış edərək mərasim iştirakçılarına təşəkkürünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR