Ziyəddin Kazımov: ““Sahil” və “Şıx” çimərliklərində dənizə girmək qadağandır” - VİDEO

Ziyəddin Kazımov: ““Sahil” və “Şıx” çimərliklərində dənizə girmək qadağandır” - <span style="color: red;">VİDEO
# 12 iyun 2014 15:53 (UTC +04:00)
Bakı-APA. Qaradağ rayonu Sahil qəsəbəsinin "Sahil" və Səbail rayonunun "Şıx" çimərliklərində çimmək qadağandır.
Bu barədə APA TV-də yayımlanan "Sosium" verilişində Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov məlumat verib. Onun sözlərinə görə, çimərlik zonalarında dəniz suyundan götürülən bakterioloji nümunələr iki yerdə mənfi nəticə verib: "Artıq neçənci ildir ki, bu iki ərazidə analizlərin nəticəsi müsbət çıxmır. Əhaliyə xəbərdarlıq edirik ki, "Sahil" və "Şıx" çimərliyindən istifadə etməsinlər. Qəti sürətdə bu istiqamətdə dənizə girmək olmaz. Əks təqdirdə müxtəlif xəstəliklər tapa bilərlər. Yerdə qalan sahil zolaqlarında isə elə də ciddi problem yoxdur".
Ziyəddin Kazımov bildirib ki, bu iki ərazinin çirkli olmasına səbəb çirkab sularının buradan birbaşa dənizə axıdılmasıdır: "Doğrudan da Abşeron yarımadasının əksər hissələrində acınacaqlı vəziyyət idi. Prezidentin "Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında" sərəncamından sonra Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan bir çox qəsəbələrində sahil boyu ərazilərində beynəlxalq standartlara cavab verən modul tipli çirkab sutəmizləyici qurğular quraşdırıldı. Onların sayəsində vəziyyət xeyli düzəldi. Planda var ki, tezliklə "Sahil" və "Şıx" sahillərində də bu qurğulardan quraşdırılsın. Səbail və Qaradağ ərazilərində mərkəzi çirkab sularının dənizə axıdılmasının qarşısını ancaq bu şəkildə almaq olar. Bunun üçün zamana ehtiyac var".
Hər il "Sahil" və "Şıx" çimərlikləri təhlükəli elan olunsa da, faktiki olaraq nə sadə vətəndaşlar , nə də sahil boyu istirahət obyektləri işlədən sahibkarlar bu qərara məhəl qoyur. Ziyəddin Kazımov hesab edir ki, bunun günahı birinci növbədə sadə vətəndaşlardadır: "Bizim işimiz həqiqəti deməkdir. Biz vəziyyətin acınacaqlı olduğunu elan edirik, məsuliyyət qalır adamların öz boynuna. Qəbul etdiyimiz qərarları müvafiq qurumlara çatdırırıq. Onlar da öz növbəsində buna əməl etməlidir. Əhali həkimin, xilasedicilərin olduğu ərazidə çimməyə üstünlük verməlidir".
O ki qaldı sahil boyu hasara alınmış ərazilərdə insanlardan giriş üçün pul istənilməsinə Ziyəddin Kazımov bildirib ki, bu, qanunla qadağandır və hər bir vətəndaş belə hallara qarşı mübarizə aparmalıdır: "Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qərarı var, heç kəsdən dəniz kənarına gəldiyinə görə pul alına bilməz, hətta həmin ərazi hasarlanıb, özəlləşdirilsə belə. Vətəndaş yalnız xidmət görə pul ödəyə bilər".
"Sosium" verilişinə telefon bağlantısı ilə qoşulan Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov da bildirib ki, bu il sözügedən məsələyə ciddi nəzarət ediləcək: "Bakı Şəhər İcra Hakimiyyətinin 247 saylı sərəncamı var və bu sərəncama əsasən 2001-ci ildən bu yana ərazi özəl olsa belə girişin pullu olması qanunla qadağandır. Əgər hər hansı bir yerdə vətəndaşlardan giriş üçün pul tələb olunarsa, dərhal departamentin qaynar xəttinə məlumat versinlər. 012-566-82-57 nömrəsi bizim “Qaynar xətt”imizdir. Vətəndaşlar öz hüquqlarını bilməli və belə yerləri ifşa etməlidir. Bunun üçün hər zaman köməklik göstərməyə hazırıq".
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR