Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Gənclər Forumu təsis olunacaq - FOTO

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Gənclər Forumu təsis olunacaq - <span style="color: red;">FOTO
# 27 iyun 2013 09:01 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan 11 ölkənin gənc liderlərinin Forumu keçirilir. APA-nın məlumatına görə, tədbir Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin (AAGİB) təşəbbüsü və Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə baş tutub. Layihənin məqsədi bölgədə vətəndaş cəmiyyətinin inkişafında gənclərin rolunun artırılması və QDİƏT ölkələrini əhatə edən gənclər arasında dialoqun qurulmasıdır.

Forumda Azərbaycan, Türkiyə, Gürcüstan, Moldova, Ukrayna, Rumıniya, Bolqarıstan, Albaniya, Yunanıstan, Rusiya və Serbiyadan gənc liderlər, gənclər təşkilatları sədrləri, həmin ölkələrin Bakıdakı səfirliklərinin əməkdaşları, eyni zamanda Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Elman Paşayev, millət vəkilləri Azay Quliyev, Musa Qasımlı, Asəf Hacıyev, Asim Mollazadə, Rasim Musabəyov, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov, yerli gənclər təşkilatlarının rəhbərləri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri iştirak edirlər.

Fərhad Hacıyev tədbirdə açılış nitqi ilə çıxış edərək Azərbaycanda dövlət gənclər siyasətindən, dövlətin gənclərə olan qayğısından bəhs edib. O, “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının əhəmiyyətindən, proqram çərçivəsində Azərbaycan gəncliyi üçün yaradılmış real imkanlardan, əldə olunmuş bir çox uğurlardan danışıb. F. Hacıyev prezident İlham Əliyevin gənclərə olan xüsusi diqqətini və etimadını, 2 il ərzində gənclərlə 3 dəfə görüşərək onların fikirlərini dinlədiyini, məhz gənclərə dəstək göstərməyin dövlətin prioritet fəaliyyət istiqamətlərindən olduğunu vurğulayıb.

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Elman Paşayev deyib ki, 20 ildən artıqdır fəaliyyət göstərən QDİƏT yaranarkən hələ heç kim bu təşkilatın gələcəkdə nəyə qadir olacağını və nələr edə biləcəyini bilmirdi: “Çox sevindirici haldır ki, bu gün bu quruma daxil olan ölkələr çox aktiv şəkildə əməkdaşlıq edə bilirlər”.

E. Paşayevin sözlərinə görə, bu gün əcnəbi gənclərlə azərbaycanlı gənclərin əlaqələri, əməkdaşlığı genişlənir: “Bu da təbii ki, ölkədə aparılan düzgün siyasətin, həmçinin, vətəndaş cəmiyyətinin əldə etdiyi nailiyyətlərin bariz nümunəsidir”.

Forumda çıxış edən Qara Dəniz QHT forumunun sədri, millət vəkili Azay Quliyev gənclərin təşəbbüsünü alqışlayaraq Azərbaycanın regionun aparıcı dövləti olduğunu və quruma sədrliyin Azərbaycanda olmasının bu nüfuzun göstəricisi olduğunu vurğulayıb. O, QDİƏT-nin QHT Forumu təsis olunduqdan sonra Gənclər Forumunun keçirilməsini azərbaycanlı gənclərin QDİƏT strukturuna inteqrasiyasını təmin edəcəyini və bu regionda gənclər arasında əməkdaşlıq imkanlarını artıracağını bildirib. A. Quliyev bu ilin may ayında QDİƏT-nin QHT Forumunun Ankarada keçirilən toplantısında təşkilatın gənclər birliyinin yaradılması və onun baş ofisinin Trabzonda yerləşməsi haqqında qərar verdiklərini deyib və bunun davamı olaraq Qara Dəniz QHT Forumunun bu ilin noyabr ayında Serbiyada keçiriləcək növbəti toplantısında qurumun gənclər qolunun rəsmən təsdiqlənəcəyini açıqlayıb.

Qara Dəniz Ölkələri Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Asəf Hacıyev çıxışında qeyd edib ki, Qara dəniz regionu tarixən dünya üçün maraqlı olub: “Coğrafi baxımdan bu bölgə şərq və qərb arasında, Avropa və Asiya arasında bir körpü olub və həmişə bu regionda yüksək intellektual potensala malik insanlar yaşayıb”.

A. Hacıyevin sözlərinə görə, bu gün bu quruma daxil olmayan ölkələr də bu təşkilatın işlərində aktiv iştirak edir və ciddi maraq göstərirlər: “Bu gün Azərbaycan kiçik dövlət olsa da, ölkədə böyük layihələr həyata keçirilir. Bu layihələrdə gənclər aktiv iştirak edir. Deməli, biz gənclərimiz gələcəyə düzgün hazırlaya bilmişik və hazırlamalıyıq da”.

Daha sonra forum “Qara Dəniz regionu: Ərazi münaqişələri və onların regional təhlükəsizliyə təhdidi”, “Qara dəniz ölkələri ərazisində gənclərin beynəlxalq əməkdaşlıq perspektivi” panelləri ilə davam etdirilib.

Forumun sonunda iştirakçılar tərəfindən Bakı Bəyannaməsi qəbul ediləcək. Sənəddə Bakıda bir araya gələn QDİƏT üzv olan 11 ölkənin gənc liderlərinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun təsis olunması və onun Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı QHT Forumunun fəaliyyətini dəstəklədiyi bəyan ediləcək. Forum iyunun 28-də öz işinə yekun vuracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR