Səfir: “Böyük Britaniya Azərbaycanda ən böyük xarici sərmayəçi olaraq qalır” - MÜSAHİBƏ

Səfir: “Böyük Britaniya Azərbaycanda ən böyük xarici sərmayəçi olaraq qalır” - <span style="color: red;">MÜSAHİBƏ
# 04 oktyabr 2013 14:33 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Sıddıkın APA-ya müsahibəsi

- Hörmətli səfir, Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli əlaqələrin mövcud inkişaf səviyyəsini necə qiymətləndirirsiniz?

- Azərbaycanla Böyük Britaniya arasında münasibətlər əladır. Biz ticarət, enerji, iqtisadiyyat, təhsil, mədəniyyət, turizm, beynəlxalq təhlükəsizlik və digər bir çox sahədə əməkdaşlıq edirik. Münasibətlərin çox möhkəm olmasına baxmayaraq, mən inanıram ki, biz bundan sonra da əməkdaşlığı inkişaf etdirə bilərik.

- Hansı sahələrdə əməkdaşlığın inkişaf potensialını görürsünüz?

- Mən düşünürəm ki, Böyük Britaniya Azərbaycanın iqtisadi rəngarəngliyə can atmasını və enerji sektorunun inkişafını dəstəkləyə bilər. Böyük Britaniyanın təhsil, informasiya texnologiyaları, səhiyyə, bərpa olunan enerji mənbələri və infrastruktur kimi vacib sahələrdə böyük təcrübəsi var. Mən müxtəlif istiqamətlərdə qarşılıqlı səfərlərin sayının artırılması ilə siyasi əlaqələrimizin möhkəmləndirilməsini də istərdim.

- Böyük Britaniya Azərbaycanda keçiriləcək prezident seçkilərindən nə gözləyir?

- Böyük Britaniya digər ölkələrdə keçirilən seçkilərdən nə gözləyirsə, Azərbaycandakı seçkilərdən də onu gözləyir. Biz xalq iradəsinin azad, ədalətli və legitim ifadə olunmasını gözləyirik. Seçkilər xalq və hökumət arasında həyati əhəmiyyətli əlaqə və idarəetməyə razılıq müqaviləsidir. Bu razılığın istənilən ölkədə möhkəm və etibarlı əsasının olması vacibdir.

- Xeyli vaxtdır Britaniyadan Azərbaycana yüksək səviyyəli səfərlər müşahidə olunmur. Bu, nə ilə əlaqədardır?

- Xüsusi bir səbəb yoxdur. Qeyd etdiyim kimi, mən bunu dəyişmək istəyirəm və ümid edirəm ki, Azərbaycanda diplomatik missiyanın rəhbəri olduğum müddətdə Böyük Britaniyadan Azərbaycana daha çox yüksək səviyyəlik səfər təşkil etmək mümkün olacaq.

- İki dövlət ən çox enerji sektorunda əməkdaşlıq edir, lakin Britaniyanın biznes sahəsində də təklif edə biləcəyi əməkdaşlıq istiqamətləri var. Əməkdaşlığın çərçivəsi niyə genişləndirilmir?

- Əslində başqa sahələrdə də əməkdaşlıq etməmək üçün bir səbəb yoxdur, biz ümumən müxtəlif sahələrdə çalışırıq. Azərbaycanda Britaniyanın 400-dən çox biznes aktivi var, onlardan çoxu enerji sektorunda deyil, tikinti, informasiya texnologiyaları və pərakəndə ticarət sahələrini əhatə edir.

- Ölkələr arasında ticarət dövriyyəsi sahəsində son rəqəmləri deyə bilərsinizmi?

- Son 7 ay ərzində Böyük Britaniyanın Azərbaycana ixracatı 233 milyon funt-sterlinq, idxalatı isə 102 milyon funt sterlinq təşkil edib. 2012-ci illə müqayisədə ixracat 62% artıb. Böyük Britaniya Azərbaycandakı ən böyük sərmayəçidir və ölkədə xarici yatırımların yarısından çoxu Britaniyaya məxsusdur.

- Azərbaycanda nə qədər Britaniya vətəndaşı qeydiyyatdan keçib?

- Biz artıq vətəndaşlarımızı qeydə almırıq. Lakin bizim hesablamalarımıza əsasən Azərbaycanda 4 minə yaxın Britaniya vətəndaşı yaşayır.

- Böyük Britaniya Avropa Birliyinin fəaliyyətində sanki iştirak etmir, avronu tədavülə buraxmayıb. Hətta mediada belə bir xəbər yayılmışdı ki, Britaniya AB-dən çıxmağı planlaşdırır. Bunu səbəbi Britaniyanın ABŞ-la strateji müttəfiq olmasıdırmı? Səbəb nədir sizcə?

- Böyük Britaniya AB-nin canlı bir hissəsidir, eyni zamanda ABŞ-ın strateji tərəfdaşıdır. Biz bu mövqelərdə ziddiyyət görmürük, əksinə, düşünürük ki, AB və ABŞ-la strateji tərəfdaşlığımız bizi gücləndirir. Avronu tədavülə buraxmamağımız bizi AB-dən ayırmır. Avronu tədavülə buraxmayan ölkələr çoxdur – İsveç, Polşa, Danimarka. Bizim AB-yə üzvlüklə bağlı referendum keçirməyi planlaşdırdığımız doğrudur. Bununla bağlı müzakirələr olacaq. Mən gözləyirəm ki, Britaniyanın AB üzvlüyü açıq dəstək mandatı alacaq və belə məsələlər arxada qalacaq.

- Bu gün Avropa tez-tez Azərbaycana istiqamət göstərir, tövsiyələr verir, tənqid edir. Lakin AB daxilində işsizlik, etnik və dini anlaşılmazlıq, qanunsuz miqrasiya kimi problemlər var. Azərbaycan belə bir vəziyyətdə Avropanın istiqamətləndirmələrinə ehtiyac duyurmu sizcə?

- Hesab edirəm ki, beynəlxalq məsələlərdə əməkdaşlıq bizim ümumi marağımızdır. Lakin bu əməkdaşlıq qarşılıqlı hörmət və bərabərlik atmosferində olmalıdır. Bəli, son illər Avropa doğrudan da bir sıra problemlər yaşayıb. Lakin Avropa layihəsi ötən əsrin uğurlu layihəsi olaraq qalır və bölgədə münaqişələri, bölünmələri aradan qaldırıb, ümumi maraqlar və dəyərlər zonası yaradıb. Düşünürəm ki, Avropanın nailiyyətlərinin önəmini qiymətləndirməmək müdriklik olmaz.

- Bakıya gəlməzdən əvvəl Azərbaycan haqqında nə fikirləşirdiniz və ölkəni necə təsəvvür edirdiniz?

- Azərbaycana gəlməzdən əvvəl Azərbaycan haqqında çox şey oxudum. Əlbəttə, “Əli və Nino” əsərini, eləcə də tarix, mədəniyyət, siyasət və sosiologiyaya dair kitablar oxudum. Mən əmin idim ki, Azərbaycan dərin və zəngin tarixə malikdir. Azərbaycanın ilk demokratik və qadınlara səsvermə hüququ verən müsəlman respublikası olduğunu bilirdim. Azərbaycan tolerantlıq və birgəyaşayışın mövcud olduğu, ən fərqli iqlimə, mükəmməl təbii müxtəliflik və gözəlliyə malik ölkələrdən biridir. Çox şadam ki, gözləntilərim reallıqla üst-üstə düşdü.

- Britaniya dedikdə adi bir Azərbaycan vətəndaşının ağlına kraliça Yelizaveta, Şekspir, Mister Bin, Benni Hill və bir sıra digər adlar gəlir. Bəs sıradan Britaniya vətəndaşı Azərbaycan haqqında nə bilir?

- Neft və “Eurovision”. Azərbaycan deyəndə sıradan britaniyalının ağlına bu gəlir. Lakin Azərbaycan haqqında informasiyalar genişlənir. Belə ki, getdikcə daha çox azərbaycanlı tələbə, iş adamı, turist Britaniyaya gəlir və özü ilə Azərbaycan mədəniyyətini gətirir. 2015-ci ildə keçiriləcək Avropa Olimpiya Oyunları Azərbaycanın öz tərəqqisini dünyaya nümayiş etdirməsi üçün daha bir fantastik fürsət olacaq.

- Səfir kimi ikitərəfli əməkdaşlığa hansı dəyişiklik gətirmək istəyirsiniz?

- Mən öz ölkəmdə Azərbaycanın təkcə enerji ehtiyatları və “Eurovision”la assosiasiya olunmaması üçün Azərbaycan haqqında anlayışı genişləndirmək istərdim. Britaniyada bilməlidirlər ki, Azərbaycan da Britaniya kimi özündə zəngin mədəniyyəti birləşdirən, müasir dinamik iqtisadiyyata və maraqlı, aydın insanlara sahib bir ölkədir. Biz bəzi reallıqları dəyişə bilsək, Azərbaycan haqqında mövcud anlayış da dəyişəcək. Mən bizim ümumi maraqlarımızı gücləndirmək və daha böyük ümumi dəyərlər yaratmaq istəyirəm.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR