Azərbaycanda muzdla çalışan işçilərin sayı 1,480 mln. nəfərə çatıb

Azərbaycanda muzdla çalışan işçilərin sayı 1,480 mln. nəfərə çatıb
# 15 may 2013 11:00 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin aprelin 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 479,3 min nəfər olub və onlardan 901,2 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 578,1 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, muzdla işləyənlərin 22,8%-i təhsildə, 18,8%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,8%-i sənayedə, 8,8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7%-i tikintidə, 4,9%-i nəqliyyat və anbar təsərrüfatında, 3,6%-i peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,8%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8%-i informasiya və rabitə sahəsində və 16,7%-i iqtisadiyyatın digər sahələrində məşğul olub.

«Cari ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 404,7 manat təşkil edib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 6,8% çoxdur. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, nəqliyyat və anbar təsərrüfatında orta aylıq nominal əmək haqqı daha yüksək olub», - deyə Komitədən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR