Ombudsmanın nümayəndələri 1 saylı cəzaçəkmə müəssisəsində araşdırma aparıblar

Ombudsmanın nümayəndələri 1 saylı cəzaçəkmə müəssisəsində araşdırma aparıblar
# 02 oktyabr 2013 09:32 (UTC +04:00)

Bakı-APA. Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsində olublar.

Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, nümayəndələrin başçəkməsi bəzi kütləvi informasiya vasitələrində müəssisədə cəza çəkən Hüsaməddin Abbasov və bir neçə digər məhkumun seçkilərdə iştirak etməyəcəkləri barədə fikirlərinə görə işgəncələrə məruz qaldıqları, mütəmadi olaraq cərimə təcridxanasına salındıqları, habelə müəssisənin məscidinin bağlanıldığı haqqında yayılan məlumatların araşdırılması məqsədi ilə, Müvəkkilin tapşırığına əsasən olub: “Müraciətdə adları qeyd edilmiş məhkumlar təklikdə qəbul edilib və məsələ yerində araşdırılıb.

Qəbul edilmiş Əlimirzəyev Elçin Cavid oğlu, Əliyev Xəyal Səyahət oğlu, Məmmədəliyev Binəli Məhəmməd oğlu və digərləri ilə bağlı aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, onlar ayrı-ayrı hallarda müəssisənin daxili intizam qaydalarını pozduqlarına görə cərimə təcridxanasına keçiriliblər.

Onlar cərimə təcridxanasına keçirilmələri ilə bağlı qərarlardan narazı olmadıqlarını, müəssisə əməkdaşları tərəfindən zorakılığa məruz qalmadıqlarını və keçiriləcək seçkilərlə bağlı onlara hər hansı bir təzyiqin olmadığını bildiriblər”.

Qeyd olunub ki, məhkumların bədənlərinə baxış keçirilib, xəsarət izləri aşkar edilməyib. Eyni zamanda Abbasov Hüsaməddin Asif oğlu ilə də təkbətək söhbət aparılıb.

O, müraciətində göstərdiyi məsələləri yenidən səsləndirmiş, lakin hal-hazırda cərimə təcridxanasında saxlanılmadığını və özünün zorakılığa məruz qalmadığını bildirib. Onun bədəninə də baxış zamanı zorakılıq əlamətləri aşkar edilməyib.

MPQ üzvləri tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilib ki, müəssisədə məhkumların ibadəti üçün nəzərdə tutulmuş məscidin fəaliyyəti dayandırılmamışdır. Yalnız məscidin arxasında yerləşən otaqda keçirilmiş əməliyyat tədbirləri zamanı qadağan olunmuş əşyalar tapıldığına görə həmin otaq bağlanılıb.

Müəssisədə cəza çəkən Fərəməz Novruzoğlu və digər məhkumlarla aparılan söhbət zamanı onlar saxlanılma şəraitindən narazı olmadıqlarını bildirib, seçki ilə bağlı təzyiqlərə məruz qalmadıqlarını söyləyib və müəssisə rəisinin şəraitin təkmilləşdirilməsi ilə bağlı apardığı işləri müsbət dəyərləndiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR