Vəkilin pulunu mənimsəməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Vəkilin pulunu mənimsəməkdə təqsirləndirilən şəxsə hökm oxunub
# 28 yanvar 2014 14:18 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində vəkil Zülfiyyə Bayramovaya qarşı dələduzluq etməkdə təqsirləndirilən Amid Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Əhməd Quliyevin sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edərək A. Qurbanovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra təqsirləndirilən A. Qurbanov çıxış edərək törətdiyi əməldən peşman olduğunu, Zülfiyyə Bayramovadan həqiqətən pul aldığını, mətbuatda gedən açıqlamalarında özünü müdafiə etmək üçün yalan danışdığını etiraf edib. A. Qurbanov Z. Bayramovadan üzr istəyərək onu bağışlamasını xahiş edib. Prosesdə çıxış edən Z. Bayramova isə bildirib ki, A. Qurbanovu övladına görə bağışlayır. O, A. Qurbanovun övladının atasız böyüməsini istəmədiyi üçün onun həbs olunmasının tərəfdarı olmadığını deyib. Daha sonra hakimlər hökmü elan etmək üçün müşavirəyə gediblər. Müşavirədən sonra hökm elan olunub. Hökmə əsasən A. Qurbanov 2 il şərti olaraq azadlıqdan məhrum edilib.

Qeyd edək ki, A. Qurbanov Z. Bayramovadan 18 min 500 dollar məbləğində pulu ona xarici ölkədən avtomobil gətirmək adı ilə alıb. Lakin avtomobil gətirməyib. Bundan sonra A. Qurbanovun barəsində cinayət işi başlanıb və o, istintaqa cəlb edilib. Lakin A. Qurbanov istintaq müddətində həmin pulu Z. Bayramovaya qaytarıb.

A. Əliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda pulu mənimsəməklə dələduzluq etmə) maddəsi ilə ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR