Bakıda ötən gün baş verən insidentin təfərrüatları və yaralananlardan birinin adı məlum olub - YENİLƏNİB

Bakıda ötən gün baş verən insidentin təfərrüatları və yaralananlardan birinin adı məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 12 iyul 2013 08:27 (UTC +04:00)

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yaralıları hadisə yerindən qaçıran avtomobilin sürücüsü, 1986-cı il təvəllüdlü Ağasif Kərim oğlu Baxışov saxlanıldıqdan və hadisə şahidlərinin ifadəsi alındıqdan sonra bəzi təfərrüatlar məlum olub.

Araşdırmalar zamanı müəyyən edilib ki, Yevlax rayon sakini, 1981-ci il təvəllüdlü Aqil Adil oğlu Əsgərov hadisə zamanı bıçaq xəsarəti alıb. Yaralının yerləşdirildiyi xəstəxananın adı açıqlanmır.

Polisdən həmçinin bildirilib ki, onlara ilkin olaraq “Ağ Çiçəyim” şadlıq evinin qarşısında silahlı insidentin olması barədə məlumat daxil olub. Belə ki, hadisə baş verən ərazidə olan şəxslər silah səslərinin eşidilməsi barədə polisə məlumat veriblər. Dərhal hadisə yerinə Yasamal Rayon Prokurorluğunun əməkdaşları çıxıb. Əraziyə baxış keçirilərkən oradan silahlı insidentə dair hər hansı dəlil və sübut tapılmayıb.

Araşdırmalar zamanı həmçinin məlum olub ki, insidentə bir qrup sərxoş şəxs arasında düşən mübahisə səbəb olub. Hazırda insident iştirakçılarının şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, hadisə ötən gün saat 18.30 radələrində Yasamal rayonu Şərifzadə küçəsində, “Ağ Çiçəyim” şadlıq evinin yaxınlığında qeydə alınıb. Ərazidə atəş səslərinin eşidilməsi barədə polisə məlumat daxil olub. Dərhal əraziyə polis və prokurorluq əməkdaşları çıxıb. Ərazidə olan şəxslərin ifadəsi alınıb.

Həmin ifadələr əsasında məlum olub ki, həmin ərazidə silah səsləri eşidiləndən sonra iki nəfər yaralı naməlum avtomobilə əyləşərək qaçıb.

Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından isə APA-ya bildirilib ki, “Ağ Çiçəyim” şadlıq evinin qarşısına çağırış olub: “Çağırış yerinə gedən həkim briqadası iki yaralını görüb. Lakin onlar çağırışdan imtina edərək başqa avtomobilə minərək ərazidən uzaqlaşdılar”.

***

saat 09.53

Bakı. Fuad Cəfərov - APA. Ötən gün Bakıda baş verən silahlı insident zamanı yaralı şəxsləri qaçıran avtomobil polis tərəfindən saxlanılıb.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsindən APA-ya verilən məlumata görə, yaralıları hadisə yerindən 1986-cı il təvəllüdlü Ağasif Kərim oğlu Baxışov idarə etdiyi 90 NU 455 dövlət nömrə nişanlı, “Chevrolet” markalı avtomobillə hadisə yerində uzaqlaşdırıb.

Hazırda A. Baxışovun ifadəsi alınır.

İstintaq sirri olduğundan hadisə barədə digər məlumatlar hələlik açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR