«Bulla-Dəniz» yatağında qəza baş vermiş qazma özülü fasiləsiz olaraq soyudulur

«Bulla-Dəniz» yatağında qəza baş vermiş qazma özülü fasiləsiz olaraq soyudulur
# 12 sentyabr 2013 10:19 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Xəzər dənizində yerləşən «Bulla-Dəniz» yatağındakı 90 saylı quyuda qazma zamanı baş vermiş qəzanın aradan qaldırılması və quyunun bağlanması istiqamətində aparılan hazırlıq işləri davam etdirilir.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, xaricdən gətirilmiş avadanlıqlar «Şirvan» gəmisinin üzərində quraşdırılıb. Əlavə olaraq gəminin oxunun soyudulması üçün daha bir xətt çəkilib və su nasosları ilə təchiz olunub. Hazırda həmin əlavə xəttin sınaq işləri aparılır.

Eyni zamanda özül «Vixr» və «Caspian Support» gəmiləri vasitəsi ilə fasiləsiz olaraq soyudulur. «Barra» gəmisinin üstündə quraşdırılmış nasoslardan özülə bir neçə soyutma xətti çıxarılıb və yanan quyunun ətrafında təmizlik işlərinə başlanılır.

Qeyd edək ki, avqustun 17-də «Bulla-Dəniz» yatağındakı 90 saylı quyuda qazma işləri zamanı qəza baş verib. Yataqda baş vermiş qəza zamanı quyunun ağzı atqıya qarşı avadanlıqlarla bağlandığı üçün oradan çıxan alov ətrafa yayılaraq 350 metr radiusda yüksək temperatur sahəsi yaradıb. Bu isə quyuya yaxınlaşmağı mümkünsüz edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR