Azərbaycan millisinə 23 futbolçu çağırılıb

 Azərbaycan millisinə 23 futbolçu çağırılıb
# 05 avqust 2013 11:06 (UTC +04:00)

Bakı – APA. Azərbaycan millisinin avqustun 14-də Malta ilə keçirəcəyi yoldaşlıq görüşü üçün ilkin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Berti Foqts “Bakcell Arena”da keçiriləcək qarşılaşmaya 23 futbolçu çağırıb.

Almaniyalı mütəxəssis Lüksemburqla iyunun 7-də baş tutan sonuncu rəsmi oyunla müqayisədə heyətdə bir sıra dəyişiklər edib.

Belə ki, qapıçıları dəyişməz saxlayan Foqts müdafiəçilərdən - “İnter”dən “Qəbələ”yə keçən Vladimir Levini bu dəfə ehtiyat oyunçular arasında göstərib, milliləşdirilən türkiyəli Ufuk Budak isə uzun fasilədən sonra komandada olacaqsa, mütəmadi çağırılan Əli Gökdəmir də ehtiyatda yer alıb.

Eyni sözləri Lüksemburqla matçda heyətdə olan “Bakı”nın yarımmüdafiəçiləri Cavid Hüseynovla Elvin Məmmədov haqda demək olar. “Dənizlispor”un yarımmüdafiəçisi Arif İsayev isə bu dəfə siyahıdan kənarda qalıb.

Hücumçulara gəlincə, “Orduspor”a keçən Branimir Subaşiçlə “İnter”in kapitanı Vaqif Cavadov qarşıdakı rəsmi oyunda cəzalı olduğundan, çağırılmamağı başa düşüləndi. Əvəzində cəzası bitən Rauf Əliyev milliyə qayıdıb. Karyerasını Latviyadan sonra Azərbaycanda davam etdirməyə qərar verən Vüqar Əsgərov isə 1 ildən artıqdır yığmada deyildi.

Qapıçılar: Kamran Ağayev ("Bakı"), Anar Nəzirov ("Sumqayıt"), Səlahət Ağayev ("İnter")

Müdafiəçilər: Rəşad Sadıqov, Maksim Medvedev, Bədavi Hüseynov (hamısı "Qarabağ"), Vurğun Hüseynov ("Sumqayıt"), Elnur Allahverdiyev, Rasim Ramaldanov (hər ikisi "Xəzər Lənkəran"), Mahir Şükürov ("Neftçi"), Ufuk Budak ("Əskişəhirspor", Türkiyə), Elhad Nəziri ("Petrolul”, Rumıniya)

Yarımmüdafiəçilər: Qara Qarayev ("Qarabağ"), Ruslan Abışov ("Rubin", Rusiya), Rəşad Sadiqov, Araz Abdullayev (hər ikisi "Neftçi"), Rahid Əmirquliyev ("Xəzər Lənkəran"), Əfran İsmayılov ("Bakı")

Hücumçular: Pərdis Fərcad-Azad, Vüqar Əsgərov (hər ikisi "Sumqayıt"), Rauf Əliyev ("Bakı"), Cihan Özkara ("Sivasspor", Türkiyə), Rüfət Dadaşov ("Kayzerslautern II", Almaniya)

Ehtiyat oyunçular:

Vladimir Levin ("Qəbələ"), Əli Gökdəmir ("Hannover 96", Almaniya), Cavid Hüseynov, Elvin Məmmədov (hər ikisi "Bakı"), Vüqar Nadirov ("Qarabağ")

Qeyd edək ki, Topaz Premyer Liqasının II turunun oyunları nəzərə alınaraq, "Qarabağ", "Sumqayıt", "İnter" və "Xəzər Lənkəran"ın futbolçuları millinin təlim-məşq toplanışında avqustun 12-dən etibarən iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR