Polad Bülbüloğlu: “Ermənistan və Azərbaycan mətbuatında düşmən obrazının təbliğ olunmasına son qoymaq lazımdır”

Polad Bülbüloğlu: “Ermənistan və Azərbaycan mətbuatında düşmən obrazının təbliğ olunmasına son qoymaq lazımdır”
# 27 sentyabr 2013 09:28 (UTC +04:00)

APA-nın “news.am” (Ermənistan) saytına istinadən verdiyi məlumata görə, bunu MDB-nin Beynəlxalq Humanitar Əməkdaşlıq Fondunun Minskdə keçirilən toplantısında iştirak edən bu qurumun İdarə Heyətinin sədri, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.

İki ölkə ziyalılarının qarşılıqlı etimad mühitinin yaradılmasına cəlb olunması təşəbbüsünün taleyinə dair erməni jurnalistlərinin sualını cavablandıran P. Bülbüloğlu təəssüflə vurğulayıb ki, bu ideya nədənsə davam etdirilmir: “Biz bu təşəbbüsü davam etdirməyə hazırıq. Azərbaycan tərəfi bunda maraqlıdır. Rusiya və ATƏT-in Minsk Qrupunun həmsədrləri bu sülhməramlı formatı dəstəkləyir. Bu sualı bu məsələnin həllinə cavabdeh olmayanlara vermək lazım deyil”.

İki ölkə və iki xalq arasında çoxlu problemlərin olduğunu söyləyən P. Bülbüloğlu bildirib ki, sülh danışıqlarının potensialı tükənməyib və masaya oturmaqdan başqa yol yoxdur: “Mən başqa yol görmürəm. Təəssüf ki, zaman əleyhimizə işləyir”.

Səfir həyata keçirilmiş bəzi layihələrin uğurlu olmasına da toxunaraq azərbaycanlı və erməni gənc musiqiçilərin MDB Gənc Simfonik Orkestrində iştirakı təşəbbüsünü də qeyd edib: “Sirr deyil ki, həm sizin, həm də bizim mətbuatda düşmən obrazı təbliğ olunur və bir-birini düşmən kimi qəbul edən nəsil yetişir. Buna yol vermək olmaz. Biz gələcəkdə partlayacaq mina yerləşdiririk. Lakin hələlik ziyalı təbəqəsi var ki, onlar bir-birini tanıyır, xatırlayır. Dialoq qurmaq üçün heç olmasa bu potensialdan istifadə zəruridir. Əlbəttə, bu, məsələnin siyasi yolla həlli səylərini, bizim prezidentlərimizin, xarici işlər nazirliklərimizin və nazirlərimizin apardığı işi əvəz etmir. Lakin vətəndaş cəmiyyəti səviyyəsində, sadə insanlar səviyyəsində belə bir işin aparılması çox vacibdir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR