ATƏT-in Bakı ofisi araşdırma jurnalistikasına dair təlim keçirib

ATƏT-in Bakı ofisi araşdırma jurnalistikasına dair təlim keçirib
# 30 sentyabr 2013 09:33 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycanın media təmsilçiləri üçün araşdırma jurnalistikasına dair təlim layihəsinin davamı olaraq ATƏT-in Bakı ofisi üçüncü təlim kursu təşkil edib. APA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Quba şəhərində təşkil olunmuş təlimin əsas mövzusu insan alveri və məcburi əmək hallarına həsr olunub.

Təlim sessiyasının məqsədi jurnalistlərin insan alveri qurbanları və şahidlərindən müsahibə götürmək bacarıqlarını təkmilləşdirməkdir. İştirakçılar həmçinin insan alveri hallarının araşdırılması zamanı öz təhlükəsizliklərini qorumağın yolları haqqında məlumatlar əldə edib. Bununla yanaşı, jurnalistlər insan hüquqları, insan alveri və məcburi əmək sahəsində müvafiq yerli və beynəlxalq hüquqi sənədlərdən istifadə yolları haqqında da biliklərə yiyələnib.

Təlim zamanı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən Qurbanlara Yardım Mərkəzi, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair mövcud təcrübə haqqında məlumat verib. İştirakçılar bu sahədə yeni media vasitələrinin istifadəsi, eləcə də yeni media mühitində obyektivlik, qərəzsizlik və dəqiqlik kimi jurnalist prinsiplərinə sadiq qalmağın yollarını müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR