Con Toşak: “Səhvlərimizi tez bir vaxtda düzəltməliyik”

Con Toşak: “Səhvlərimizi tez bir vaxtda düzəltməliyik”
# 28 oktyabr 2013 13:47 (UTC +04:00)

Bakı – APA. “Qələbəni düşündüyümüz anda məğlub olduq. Məncə, hesab oyunu əks etdirmədi”. Apasport.az saytının məlumatına görə, bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak deyib.


Topaz Premyer Liqasının XI turunun “Qarabağ”la oyunu barədə fikirlərini açıqlayan Toşak 0:3 hesablı məğlubiyyətə şərh verib: “Rəqib layiqli qələbə qazandı. Amma hücum edən, ardıcıl həmlələr edən tərəf biz idik. Şanslarımız çox olsa da, yararlana bilmədik. İkinci hissəyə də pis başlamadıq və artıq 47-ci dəqiqədə real qol şansını boşa verdik. Oyun planında xeyli artırsaq da, hələ də epizodlardan yararlana bilməmək problemini həll edə bilməmişik”.

Təcrübəli mütəxəssis klubun saytına açıqlamasında Nildonun qol şanslarını boşa verməsinə də toxunub. Onun sözlərinə görə, zədəli olan braziliyalı hücumçu oynamasa da, komanda yenə də şanslarını qaçırmaqla məşğuldur: “Hamı Nildonu günahkar sayırdı və qol şanslarını boşa verdiyi üçün onu ittiham edirdi. Amma gördüyünüz kimi, günahkar tək Nildo deyil. Bu görüşdə Nildo oynamadı, amma biz yenə çoxlu qol şansını boşa verdik. Düşünürəm ki, ikinci qol komandanı “sındırdı” və bu qolu adi səhvdən rəqibə hədiyyə etdik. Üstəlik, yorğunluq da öz sözünü dedi. Artıq itiriləsi xallarımız yoxdur. Evdə cəmi bir qələbəmizin olması məni həddən artıq məyus edir. Çalışıb səhvlərimizi tez bir vaxtda düzəltməliyik”.

Qeyd edək ki, “Xəzər Lənkəran”ın evdə qazandığı yeganə qələbə VI turda qeydə alınıb. Cənublular yeganə ev qələbəsini sentyabrın 27-də “Bakı” üzərində qazanmışdı (2:1).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR