Kredit əvəzinə lizinq

Kredit əvəzinə lizinq
# 19 mart 2014 08:00 (UTC +04:00)

Bakı – APA-Economics. Məlum olduğu kimi, Azərbaycanın bank sektorunda avtomobil kreditləşməsinin məhdudlaşdırılması haqqında qeyri-rəsmi qərar qəbul olunub. Öz növbəsində ölkənin Mərkəzi Bankı bank təşkilatlarına öz kredit siyasətlərinə yenidən baxmaq və kredit risklərinin qiymətləndirilməsi üzrə işlərin gücləndirilməsi, o cümlədən müştərilərin iş yerindən arayış tələb olunması qaydasının tətbiqi barədə təlimat verib. Mərkəzi Bankın sədr müavini Aftandil Babayevin sözlərinə görə, avtokreditləşmənin qadağası ilə bağlı qərar istehlak kreditləşməsinin məhdudlaşdırılması siyasəti çərçivəsində həyata keçirilib və avtokreditləşmə sahəsində vəziyyətin sabitləşməsinə yönəlib.

Görünür, Mərkəzi Bank öz səlahiyyətləri çərçivəsində müvafiq məhdudlaşdırıcı addımlar ata bilər, amma bu, heç bir halda bazar iqtisadiyyatı anlayışına uyğun gəlmir. Aydındır ki, avtokreditləşmə bazarının bu cür təminatsız kredit köpüyünə çevrilməsi təcili müdaxilələr tələb edir. Amma bu cür metodlamı? Kiçik müqayisə aparaq.

Hamıya bəlli olan maliyyə böhranı ABŞ-da ipoteka kreditləşməsi köpüyündən başladı. Amma nə böhran zaman, nə də böhrandan sonra heç bir Qərb iqtisadçısı ipoteka kreditlərinin hətta müvəqqəti belə dayandırılması təklifi ilə çıxış etmədi. Yalnız o deyildi ki, kreditlərin keyfiyyəti, borcalanların ödəmə qabiliyyəti və girov təminatının likvidliyi üzərində nəzarəti gücləndirmək lazımdır. Azərbaycanda isə hər şey bu qədər sadələşdirilib: borcalanın maliyyə etibarlılığının müəyyənləşdirilməsi sisteminin tətbiqi, onun kredit tarixçəsini analiz etmək. Halbuki bunları kredit inspektoru həmişə və hər gün istənilən kredit növü üzrə həyata keçirir.

Bununla belə, bank avtokreditləşməsinə məhdudiyyət müəyyən dərəcədə arxa plana keçirilə bilər. Məsələ ondadır ki, bəzi avtosalonlar avtomobilləri lizinqlə satmağa başlayıb. Qeyd edək ki, avtokredit və lizinqlə satış arasında başlıca fərq odur ki, ikinci halda bankın iştirakı nəzərdə tutulmur - avtosalon maşını müştəriyə birbaşa və müəyyən müddətə satır. Avtokreditləşmə zamanı avtomobil müştərinin adına qeydiyyata alınır və girov qismində çıxış edir. Lizinq zamanı isə avtomobil lizinq şirkətinin mülkiyyətində qalır və ödəniş onun tərəfindən həyata keçirilir.

Bütövlükdə aydındır ki, lizinq istehlak qabiliyyəti nöqteyi-nəzərdən bazarın itkilərini tam qarşılaya bilməz. Məsələ ondadır ki, bütün avtosalonlar lizinqlə avtomobil satmaq imkanına malik deyil - bunu yalnız nüfuzlu avtomobil istehsalçılarının dilerləri həyata keçirə bilər. Bu zaman avtosalonların köməyinə lizinq şirkətləri gələ bilər. Məsələn, artıq «Auto Azerbaijan» şirkətinin avtosalonları «Qafqaz Leasing» şirkəti ilə əməkdaşlıq şəraitində yeni və işlənmiş avtomobillərin lizinqlə satışı üzrə kampaniyaya start verib. Özü də əlverişli şərtlərlə. Belə ki, ilkin ödəniş 20%, illik faiz dərəcəsi isə 22% səviyyəsində müəyyənləşdirilib. «Qafqaz Leasing» şirkətinin kalkulyatorundan istifadə etməklə lizinqverənlə hesablaşma sxeminin əlverişli olduğuna əmin olmaq mümkündür. Məsələn, «Peugeot 301» avtomobili 14 300 manata alınır. Bu zaman ilkin ödəniş 2 860 manat, bütün əlavə komissiya və ödənişlərlə birlikdə 4 307 manat, 36 aylıq hesablaşma üzrə aylıq ödəniş isə 436,9 manat təşkil edir.

Hazırda lizinq əməliyyatlarının avtokreditləşməni tamamilə əvəz edə biləcəyini demək çətindir. Amma bunların alternativ imkanlar təqdim etdiyi şübhəsizdir. Bu zaman nəzərə almaq lazımdır ki, alıcının mövqeyindən çıxış etdikdə, kredit və ya lizinqin heç bir fərqi yoxdur. Daha dəqiqi, avtokreditləşmənin «gizlədilməsi» o demək deyil ki, daha avtomobili kreditlə almaq imkanları yoxdur. Görünən odur ki, lizinq əməliyyatları qəfil yaranmış boşluğu doldurmaq gücündədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR