Ötən ay Azərbaycanda 79 nəfər qidadan zəhərlənib

Ötən ay Azərbaycanda 79 nəfər qidadan zəhərlənib
# 18 noyabr 2013 08:44 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu ilin oktyabr ayı ərzində Azərbaycanda əhali arasında 71 qida zəhərlənməsi hadisəsi baş verib.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev APA-ya açıqlamasında bildirib ki, zəhərlənmə nəticəsində 79 nəfər zərər çəkib. Onun sözlərinə görə, ötən ay ərzində 3 botulizm hadisəsi qeydə alınıb ki, bunun nəticəsində də 3 nəfər zərər görüb. Qida zəhərlənməsindən ölüm halı qeydə alınmayıb.

İ. Abdullayev qeyd edib ki, ötən ay orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 843 yeyinti məhsulları nümunə götürülüb, ondan 2-də kənara çıxma, mikrobioloji göstəricilərinə görə götürülən 722 nümunədən isə 5-də kənara çıxma aşkar olunub. Toksikoloji göstəricilərinə görə 137, radioloji göstəricilərinə görə 12 yeyinti məhsulu nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Onların heç birində kənara çıxma halları qeydə alınmayıb.

Bu ilin oktyabr ayı ərzində Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 38 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub, 13 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 5 iş istintaq orqanına verilib, 20 nəfər işdən müvəqqəti olaraq kənarlaşdırılıb.

Bu ilin oktyabr ayı ərzində şadlıq evlərindən 2386 yaxma nümunəsi götürülüb. Aparılan yoxlamalar nəticəsində 41 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR