QMİ-də “Xocalı soyqırımı xalqın əbədi yaddaşıdır! Xocalıya ədalət!” adlı tədbir keçirilib - FOTOSESSİYA - VİDEO

QMİ-də “Xocalı soyqırımı xalqın əbədi yaddaşıdır! Xocalıya ədalət!” adlı tədbir keçirilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 18 fevral 2014 09:56 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbirdə QMİ sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov, deputatlar - Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Mübariz Qurbanlı, Flora Qasımova, Xocalı ictimaiyyətinin nümayəndələri və dindarlar iştirak ediblər.

Tədbir Xocalıda şəhid olanların ruhuna “Quran” ayələrinin oxunması ilə başlayıb. Çıxış edən A. Paşazadə bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan tərəfindən törədilən Xocalı hadisəsi əsrin faciəsidir, bu soyqırımı dünya tanımalı və cinayətkarlar cəzalarına çatmalıdır: “Qarabağda, Xocalıda baş verən hadisələr artıq öz siyasi qiymətini almaqdadır və alacaq. Bu gün prezident İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və fondun vitse-prezidenti Leyla Əliyevanın bu istiqamətdə gördüyü işlər öz bəhrəsini verəcək. Mən hər dəqiqə, hər an inanıram ki, biz hansı yolla olursa olsun, öz torpaqlarımızı qaytaracağıq”.

Şeyxülislam qeyd edib ki, Xocalıda soyqırıma məruz qalan insanların ruhuna cümə günü bütün məscidlərdə dualar oxunacaq, xütbələr söylənəcək.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov çıxışında qeyd edib ki, Azərbaycan dövlətinin apardığı siyasət nəticəsində Ermənistan blokada şəraitində saxlanılır: “Bu gün insanlar aclıq səbəbindən Ermənistanı kütləvi şəkildə tərk edirsə, bu, Azərbaycan prezidentinin Xocalıdakı soyqırıma görə aldığı intiqamın nəticəsidir. Xocalı soyqırımı azərbaycanlıların gözünün odunu almaq, qarşıdan gələn işğalları asanlaşdırmaq, digər tərəfdən də Azərbaycan xalqının ruhunu, iradəsini sındırmaq məqsədilə törədilib”.

Komitə sədrinin sözlərinə görə, bu gün aparılan “Xocalıya ədalət” kampaniyası nəticəsində Xocalıda şəhid olanların qanı yerdə qalmayacaq.

Ağsaqqallar Şurasının sədri, Milli Məclisin üzvü Fəttah Heydərov isə Xocalı soyqırımının törədildiyi vaxt Azərbaycan xalqının və dövlətinin yaşadığı çətin anlardan, Heydər Əliyevin xilasedici missiyasından danışıb. O qeyd edib ki, bu gün prezident İlham Əliyevin apardığı, əsası Heydər Əliyev tərəfindən qoyulan uğurlu siyasət nəticəsində Azərbaycan güclü dövlətə çevrilib: “Bu siyasət nəticəsində Azərbaycanın haqq səsi dünyaya çatdırılır və tezliklə torpaqlarımız hansı yolla olursa olsun, işğaldan azad ediləcək”.

Deputatlar Mübariz Qurbanlı, Flora Qasımova və digər çıxışçılar da Xocalı dəhşətlərini yada salıb və faciəyə dünya miqyasında siyasi-hüquqi qiymət verilməsinin zəruriliyini vurğulayıblar.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR