Bakı Ali Neft Məktəbində Avstriya nümayəndə heyəti ilə görüş keçirilib - FOTO

Bakı Ali Neft Məktəbində Avstriya nümayəndə heyəti ilə görüş keçirilib - <span style="color: red;">FOTO
# 06 noyabr 2013 07:16 (UTC +04:00)

Bakı – APA-Economics. Bu gün Avstriyanın Azərbaycandakı səfiri Silvia Mayer-Kaybiç, Avstriyanın İqtisadiyyat, Ailə və Gənclər Nazirliyinin Enerji və Mədən Departamentinin direktor müavini, Federal Qazma İdarəsinin rəhbəri Artur Maurer, Avstriyanın Leoben Montan Universitetinin Neftin İstehsalı və Emalı şöbəsinin müdiri Herbert Hofstatter və ARDNŞ-ın Avstriyadakı nümayəndəliyinin rəhbəri Gülmirzə Cavadov Bakı Ali Neft Məktəbində (BANM) olub.

Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən xəbərə görə, qonaqları salamlayan rektor Elmar Qasımov bildirib ki, BANM-in yaranmasında əsas məqsəd günü-gündən inkişaf edən ölkəmiz və artıq transmilli şirkətə çevrilmiş, istər Azərbaycanda, istərsə də ölkənin hüdudlarından kənarda fəaliyyətini genişləndirən ARDNŞ üçün beynəlxalq standartlara cavab verən, ingilis dilli kadrların hazırlanması olub. Məktəbə ən yüksək göstəricilərə malik tələbələrin qəbul olunduğunu deyən rektor hazırda yüksək səviyyədə təchiz olunmuş binada fəaliyyət göstərən BANM üçün yaxın gələcəkdə ən müasir tələblərə cavab verən kampusun istifadəyə veriləcəyini söyləyib.

Daha sonra rektor ali məktəbin beynəlxalq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edərək bildirib ki, Avropa təhsil sisteminin tələblərinə uyğun yaradılmış BANM-in önəm verdiyi əsas məsələlərdən biri də Avropanın aparıcı təhsil mərkəzləri ilə əlaqələrin qurulmasıdır. Avstriya təhsil və tədris sisteminə böyük maraq göstərdiyini bildirən rektor vurğulayıb ki, BANM Avstriyanın neft-qaz və kimya sənayesi sahəsində fəaliyyət göstərən institutları ilə əməkdaşlıq əlaqələrinin qurulmasında və onların təcrübələrindən yararlanmaqda maraqlıdır. O qeyd edib ki, bu məqsədlə istər Avstriyanın Azərbaycandakı səfirliyi, istərsə də ARDNŞ-ın Avstriyadakı nümayəndəliyi vasitəsilə bu istiqamətdə bir çox danışıqlar aparılıb. Bu danışıqların nəticəsi olaraq Avstriyanın neft, kimya sənayesi üzrə tanınmış universiteti olan Leoben Montan Universiteti ilə əməkdaşlıq genişləndiriləcək.

Görüşdə iştirak edən Avstriyanın İqtisadiyyat, Ailə və Gənclər Nazirliyinin Enerji və Mədən Departamentinin direktor müavini, Federal Qazma İdarəsinin rəhbəri Artur Maurer bildirib ki, Azərbaycan neft ixracı sahəsində tarixi təcrübəyə malik bir ölkədir və bu gün də bu sahə günü-gündən inkişaf edir. Avstriyanın şərqində böyük neft yatağının olduğunu bildirən Artur Maurer bildirib ki, il ərzində ölkədə 1 milyon ton civarında neft hasil edilir. Kimya sənayesi Avstriyada sürətlə inkişaf etməkdədir və bunun nəticəsi olaraq Mərkəzi Avropanın ən böyük kimya kompleksi Vyanada yerləşir. Hər iki dövlətin neft-kimya sahəsində uğurlu təcrübələrə malik olduğunu bildirən A.Maurer bu bilik və təcrübələrdən qarşılıqlı faydalanmanın əhəmiyyətindən danışıb.

Avstriyanın Azərbaycandakı səfiri Silvia Mayer-Kaybiç BANM-ə ikinci gəlişindən məmnunluq hissi keçirdiyini bildirib. Səfir Azərbaycanda müasir tipli texniki ali məktəbin yaradılmasının çox vacib olduğunu vurğulayıb. O qeyd edib ki, Avstriya hökuməti təhsil sahəsində Azərbaycanla əlaqələrin qurulmasında maraqlıdır. Bu baxımdan BANM ilə Avstriyanın tanınmış Leoben Montan Universiteti və digər təhsil-tədris mərkəzləri arasında əməkdaşlıq əlaqələrinin yaradılması üçün lazımi tədbirlərin həyata keçirilməsinə hazır olduğunu bildirib.

BANM-in professor-müəllim və tələbə heyətinə Leoben Montan Universiteti haqqında ətraflı məlumat verən universitetin Neftin İstehsalı və Emalı Departamentinin rəhbəri, professor Herbert Hofstatter bildirib ki, BANM ilə bir çox layihələr çərçivəsində əməkdaşlıq etməyə hazırdırlar.

Azərbaycandan müasir standartlara cavab verən, BANM kimi ali təhsil ocaqlarının açılmasından qürur hissi keçirdiyini bildirən ARDNŞ-ın Avstriyadakı nümayəndəliyinin rəhbəri Gülmirzə Cavadov bildirib ki, nümayəndəlik olaraq BANM ilə Avstriyanın neft-kimya sahəsində fəaliyyət göstərən mərkəzləri ilə əlaqələrin qurulması istiqamətində istənilən dəstəyi verməyə hazırdırlar.

Daha sonra BANM ilə Leoben Montan Universiteti arasında gələcək əməkdaşlığın perspektivləri və birgə fəaliyyət istiqamətləri ətrafına müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR