YAP-ın İqtisadi məsələlər komissiyası “Ərzaq təhlükəsizliyi: reallıqlar və perspektivlər” mövzusunda iclas keçirib

YAP-ın İqtisadi məsələlər komissiyası “Ərzaq təhlükəsizliyi: reallıqlar və perspektivlər” mövzusunda iclas keçirib
# 11 aprel 2014 11:12 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İqtisadi məsələlər komissiyası “Ərzaq təhlükəsizliyi: reallıqlar və perspektivlər” mövzusunda iclas keçirib.

APA-nın məlumatına görə, iclasda komissiya sədri, deputat Eldar İbrahimov komissiyasının məqsədləri, ölkədə həyata keçirilər aqrar islahatlardan danışıb.

O qeyd edib ki, komissiyanın 2014-cü il üçün təsdiq etdiyi iş planında əsas məsələ ərzaq təhlükəsizliyidir: “Qeyri-neft sektorunun ən prioritet sahələrindən biri aqrar sahədir. Aqrar sahənin ən prioritet mövzusu isə məhz ərzaq təhlükəsizliyidir. Azərbaycanda aqrar sahədə islahatlar hələ 1992-ci ildə Heydər Əliyev Naxçıvanda olarkən başladı. Daha sonra sovxoz və kolxozlar ləğv edildi, aqrar islahatlar haqqında qanun qəbul edildi”.

1996-cı ildə “Torpaq islahatları haqqında” qanunun qəbul edilməsini xatırladan E.İbrahimov həmin dövrdə aparılan islahatların bugünkü nəticələri barədə danışıb: “Bu qanun çox uğurla həyata keçirildi. Qanunun qəbul edilməsindən sonra Azərbaycanın bütün regionlarında torpaqlar xüsusi mülkiyyətə verildi və bu gün də ərzaq təhlükəsizliyini təmin etmək üçün kənd təsərrüfatı məhsullarının istehsalının 97-98 faizi məhz xüsusi mülkiyyət hesabına ödənilir”.

E.İbrahimov vurğulayıb ki, bu gün ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı böyük işlər gedir: “Ərzaq təhlükəsizliyi ilə əlaqədar 2001-ci ildə Heydər Əliyev tərəfindən ərzaq təhlükəsizliyi ilə əlaqədar dövlət proqramı təsdiq olundu və çox uğurla həyata keçirildi. 2008-ci ildə isə prezident İlham Əliyevin qərarı ilə ərzaq təhlükəsizliyi ilə əlaqədar ikinci dövlət proqramı qəbul olundu. 2008-2015-ci illəri əhatə edən bu dövlət proqramında ərzaq təhlükəsizliyi ilə bağlı mühüm məsələlər öz əksini tapıb və qarşıya qoyulan vəzifələr uğurla icra edilməkdədir”.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov müstəqillik illərində Azərbaycanda həyata keçirilən aqrar və torpaq islahatları, bu sahədə Azərbaycanda tətbiq edilən yeni texnologiyalar barəsində məlumat verib. Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev də ötən illər ərzində kənd təsərrüfatı sahəsində əldə olunan uğurlar barəsində danışıb. O qeyd edib ki, kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar nəticəsində artıq Azərbaycan strateji ərzaq məhsullar ilə özünü təmin edə bilir.

Daha sonra çıxış edənlər iştirakçılar da kənd təsərrüfatı barəsində görülən işlərdən və inkişaf perspektivlərindən danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR