Azərbaycanda aparıcılar və diktorlar üçün treninqlər keçiriləcək

Azərbaycanda aparıcılar və diktorlar üçün treninqlər keçiriləcək
# 02 aprel 2014 14:42 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Yaxın aylarda Azərbaycanda aparıcılar və diktorlar üçün televiziya kanallarında ədəbi dilin qorunması ilə bağlı treninqlərin keçirilməsinə başlanacaq.

"Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın İşçi qrupunun sədrinin müavini, Azərbaycan Milli Elmlər Akademiyasının İctimai və humanitar elmlər bölməsinin əməkdaşı, professor Həbib Zərbəliyev APA-ya açıqlamasında deyib ki, bu treninqlər Dilçilik İnstitutu və Milli Televiziya və Radio Şurasının birgə razılığı əsasında keçiriləcək. Bunun üçün proqramın artıq hazır olduğunu deyən H.Zərbəliyevin sözlərinə görə, dərsləri keçmək üçün kadrlar müəyyənləşəndən, treninqlərin keçirilməsi üçün yer məsələləri həll olunduqdan sonra həyata keçirilməyə başlanacaq. İlkin olaraq 10 aparıcının və diktorun treninqlərdən keçirilməsinin nəzərdə tutulduğunu deyən H.Zərbəliyev qeyd edib ki, onların siyahısı Milli Televiziya və Radio Şurası tərəfindən təqdim ediləcək: “Dərslər hissələrə bölünəcək və hər bir müəllim konkret istiqamət üzrə dərs deyəcək. Proqram təxminən 10 gün - 2 həftə ərzində keçiləcək. 10 günlük bir qrup proqramı başa çatdırandan sonra digərləri üçün bu treninqlər başlanacaq.

Dərslər Azərbaycan Milli Elmlər Akademiyasının binasında keçiriləcək. Yaxın aylarda bu işlərə başlanacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR