Azərbaycan əhalisinin 5,6%-i əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır

Azərbaycan əhalisinin 5,6%-i əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır
# 08 aprel 2014 12:30 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Hazırda Azərbaycan əhalisinin 5,6 faizi, yəni 530 min nəfəri əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır.

APA-nın xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının internet saytına (www.yap.org.az) müsahibəsində bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünya əhalisinin 15%-i əlilliyi olan şəxslərdir.

Onun sözlərinə görə, Azərbaycanda əlillik səviyyəsinin digər ölkələrə nisbətən aşağı olmasının əsas səbəbi ölkə əhalisinin gənc olmasıdır: “Qeyd etmək istərdim ki, əlilliyin artmasında Ermənistan-Azərbaycan münaqişəsi böyük rol oynayıb. Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar döyüşlərdə 11912 nəfər əlil olub. Həmçinin Azərbaycan ərazisinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuş 20% hissəsindən məcburən köçkün düşmüş əhali arasında əlillik 6,5%-ə çatdığı halda, ölkənin digər əhalisi üzrə bu göstərici 5,5%-dir. Digər tərəfdən, ayrı-ayrı xəstəliklərin, o cümlədən yoluxucu xəstəliklərin bu və ya digər səbəbdən vaxtında müalicəsinin aparılmaması bu xəstəliklərin ağırlaşaraq əlillik vəziyyətinə çevrilməsinə şərait yaradır. Çoxsaylı yol qəzaları, texnogen qəzalar və s. də qeyd olunan amillərdəndir. Onu da bildirim ki, hazırda Dünya Bankı ilə birgə icra olunan “Sosial Müdafiənin İnkişafı” Layihəsi çərçivəsində əlilliyin qiymətləndirilməsi meyarlarının, tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin təkmilləşdirilməsi istiqamətində işlər görülür. Bununla bağlı Dünya Bankının ekspertləri ilə birgə məsləhətləşmələr aparılır”.

S.Müslümov qeyd edib ki, Azərbaycanda əlilliyi olan şəxslərə müvafiq qanunvericilikdə nəzərdə tutulan müddət qədər əmək stajları olduqda əlilliyə görə əmək pensiyaları verilir, onlara sosial müavinətlər ödənilir. Bununla yanaşı, müvafiq kateqoriyadan olan əlillərə Prezident təqaüdlərinin təyin olunduğunu deyən nazir vurğulayıb ki, hazırda əmək pensiyası alanların 27%-i, sosial müavinət alanların 57,2%-i, Prezident təqaüdü alanların isə 52,2%-i əlilliyi olan şəxslərdir: “2006-2013-cü illər ərzində əlilliyə görə əmək pensiyalarının orta aylıq məbləği 3,3 dəfə, sosial müavinətlərin məbləği isə 2,6 dəfə artırılıb. Cari ilin mart ayında ölkəmizdə əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi istiqamətində növbəti mühüm addım atılıb. Belə ki, prezidentinin imzaladığı, ümumən 32 907 nəfər əlili əhatə edən sərəncamlara əsasən əlillərə verilən sosial müavinətlərin məbləği orta hesabla 36 faiz artırılıb. Eyni zamanda əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Prezident təqaüdü təsis edilib. Beləliklə, əmək pensiyası almaq hüququ olmayan I qrup əlillərin müavinətlərinin məbləği 67 manatdan artırılaraq 127 manata çatdırılmaqla, yaşayış minimumunun üzərinə çıxarılıb. Digər tərəfdən, müharibə əlillərinin ödənişli ali və orta ixtisas təhsili alan övladlarının təhsil haqlarının dövlət büdcəsinin hesabına ödənilməsi nəzərdə tutulub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR