Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni təyinatla bağlı rəsmi açıqlama verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni təyinatla bağlı rəsmi açıqlama verilib
# 28 oktyabr 2013 11:05 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə əlaqə sektorunun müdiri vəzifəsinə aparılan yeni təyinatla bağlı rəsmi məlumat yayıb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, təhsil nazirinin müvafiq əmrinə əsasən Arzu Tairquliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə əlaqə sektorunun müdiri vəzifəsinə təyin edilib.

Arzu Tairquliyeva 2004-2008-ci illərdə bakalavriat səviyyəsi üzrə Bakı Dövlət Universitetinin tarix fakültəsini qafqazşünaslıq ixtisası, 2008-2010-cu illərdə magistratura səviyyəsi üzrə Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr və regionşünaslıq fakültəsini amerikaşünaslıq ixtisası üzrə bitirib. 2012-2013-cü illərdə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın Qlazqo Universitetinin Sosial Elmlər Kollecinin (College of Social Sciences) fənlərarası tədqiqat fakültəsində (School of Interdisciplinary Studies) magistratura təhsili alıb.

Qeyd edək ki, bu gün Beynəlxalq əlaqələr və ictimaiyyətlə əlaqə sektorunun keçmiş müdiri Zəminə Əliqızı özünün “Facebook” səhifəsində açıqlama verib. O bildirib ki, bu gündən Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni vəzifədə işə başlayır: “Təhsil naziri Mikayıl Cabbarovun 3 gün əvvəl imzaladığı əmrə müvafiq olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsi Aparatında baş məsləhətçi kimi xidmətimi davam etdirəcəyəm. Mən bu vəzifəyə öz xahişimlə təyin olunmuşam. Nə "işdən çıxarılmışam", nə də "uzaqlaşdırılmışam”. Əminəm ki, dövlətimizin və nazirliyimizin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin qarşısında qoyduğu məqsəd və vəzifələrin peşəkar səviyyədə reallaşdırılması üçün Nailə Rzaquliyevanın rəhbərliyi altında fəaliyyətimiz daha da genişlənəcək. Biz, çoxlu ilklərin müəllifi olan kollektivimizlə prinsiplərimizə sadiq qalaraq hələ çoxlu uğurlar qazanacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR