Azərbaycanda vergi bəyannamələrinin vaxtında təqdim edilməsi səviyyəsi 95%-ə çatıb

Azərbaycanda vergi bəyannamələrinin vaxtında təqdim edilməsi səviyyəsi 95%-ə çatıb
# 04 dekabr 2013 14:38 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda 2003-2004-cü illərdə vergi bəyannamələrinin vaxtında təqdim edilməsi səviyyəsi 70-75% təşkil etdiyi halda, 2013-cü ildə bu rəqəm 95%-ə çatıb və təqdim edilən bəyannamələrin 90%-dən çoxu elektron formada internetlə göndərilib.

«APA-Economics»in məlumata görə, bunu Vergilər Nazirliyi İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin Vergidən yayınma risklərinə nəzarət İdarəsinin rəisi Nəsib İsgəndərov «Vergilər» qəzetinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, vergi hesabatlarının elektron sənəd formasında göndərilməsinə başlanıldığı 2007-ci ildən ümumilikdə 999 015 bəyannamə təqdim edilib ki, bunun da 24 891-i internet vasitəsilə təqdim edilib.

N.İsgəndərov bildirib ki, bu ilin yanvar-oktyabr ayları ərzində isə 1 255 565 sayda bəyannamə təqdim edilib: «Bunun da 90,4%-i və ya 1 134 724-ü internet vasitəsilə təqdim edilib. Qeyd olunan fakt vergi bəyannamələrinin elektron sənəd formasında təqdim edilməsinin ödəyicilər üçün əlverişli olmasından irəli gəlir. Çünki bəyannamə və hesabatların internet vasitəsilə təqdim edilməsi vergi ödəyicilərinin poçta getmək zərurətini aradan qaldırır ki, bu da onların vaxta qənaət etmələrinə və rahatlıqlarının təmin olunmasına şərait yaradır».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR