ABŞ Dövlət Departamenti: Barak Obama İranla nüvə danışıqlarında müvəffəqiyyət şansını yarı-yarıya qiymətləndirir

ABŞ Dövlət Departamenti: Barak Obama İranla nüvə danışıqlarında müvəffəqiyyət şansını yarı-yarıya qiymətləndirir
# 03 may 2014 11:50 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İranla nüvə müzakirələri yaxşı niyyətlə irəliləyir”. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Mari Harf bildirib.

Onun sözlərində görə, hazırda müzakirələr gedir və “altılıq” ölkələri yekun nəticənin əldə olunması üçün yaxşı niyyətlə danışıqlar aparmağa sadiqdir: “Ancaq bu da bizim hansısa bir nəticə əldə edəcəyimiz mənasına gəlmir və mənim bununla bağlı heç bir fikrim yoxdur. Əks təqdirdə, sərt qərarlar qəbul olunarmı, onu da deyə bilmirəm. Hazırda heç kəsin bu suala əminliklə cavab verəcəyini düşünmürəm. Lakin indi əsas metodları və praktiki məsələləri ətraflı müzakirə edirik. Əvvəllər bu səviyyədə danışıqlar heç vaxt aparılmayıb. Bu da məsələni diplomatik yolla həll etməyin ən yaxşı fürsət olduğunu göstərir. ABŞ prezidenti də İranla nüvə danışıqlarında müvəffəqiyyət şansını yarı-yarıya qiymətləndirir. Biz bunun İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün ən yaxşı və təsirli yol olduğunu tamamilə bilirik. Ona görə də hansısa bir nəticə əldə edərsək, ona sadiq qalacağıq”.

Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında növbəti nüvə danışıqları yekun nüvə razılaşmasının mətninin müzakirəsi məqsədilə mayın 13-16-da Vyanada keçiriləcək. Bu danışıqlar Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton və İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin rəhbərliyi altında baş tutacaq. Bundan əvvəl mayın 5-9-da Nyu-Yorkda İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində növbəti nüvə müzakirələri keçiriləcək. Tərəflər arasında danışıqlar 2013-cü il noyabrın 24-də Cenevrədə əldə olunmuş nüvə razılaşmasına uyğun olaraq Birgə Fəaliyyət Proqramındakı yekun addımlarla bağlı fikir mübadiləsi aparmaq üçün baş tutacaq. Danışıqlarda İran nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin beynəlxalq və siyasi məsələlər idarəsinin müdiri Həmid Bəidinejad rəhbərlik edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR