Prezident Qubada əsaslı təmir edilmiş “Qırmızı körpü”nün vəziyyəti ilə tanış olub

Prezident Qubada əsaslı təmir edilmiş “Qırmızı körpü”nün vəziyyəti ilə tanış olub
# 18 sentyabr 2013 16:36 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 18-də Qubanın Qırmızı qəsəbəsi ərazisində, Qudyalçay üzərindəki tağlı “Qırmızı körpü”nün yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub. APA-nın xəbərinə görə, dövlət başçısı və xanımı Mehriban Əliyeva “Qırmızı körpü”nün əvvəlki vəziyyətini əks etdirən fotolardan ibarət stendlərə baxıblar.


Bildirilib ki, “Qırmızı körpü” 1851-1854-cü illərdə inşa olunub. Körpünün yarımdairəvi biçimli tağlar sistemi bişmiş kərpicdən hörülüb və bir-birindən 11,1 metr məsafədə olan dayaqlara söykənir. Tağ dayaqlarının istinad etdiyi körpünün bünövrələri yonulmuş daşlardan hörülüb. Prezidentə tağlı körpünün əsas parametrləri barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, körpünün uzunluğu 160, eni 7,6 metr, bünövrədən hündürlüyü isə 7,39 metrdir. Körpüdəki tağların sayı 14, dayaqların sayı 15-dir. Təbii aşınmalar nəticəsində tağlarda yaranmış zədələrə görə körpüdə hərəkət xeyli müddət dayandırılmışdı. Lakin 2012-ci ilin əvvəlindən əsaslı təmirə başlanaraq tağlarda, bünövrədə bərpa və bərkitmə işləri aparılıb. Körpü memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR