Eldar Namazov: “Təəssüf ki, Müsavat Partiyası mövqeyini dəyişmədi”

Eldar Namazov: “Təəssüf ki, Müsavat Partiyası mövqeyini dəyişmədi”
# 09 dekabr 2013 16:20 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Mən Milli Şuranın üzvü olaraq qalıram”. Bunu APA-ya açıqlamasında “El” Hərəkatının sədri, Milli Şuranın İcra Aparatının sabiq sədri Eldar Namazov Milli Şuranın sıralarını tərk etməsi barədə məlumatlara münasibət bildirərkən deyib.

E. Namazov qeyd edib ki, Milli Şuranın son sessiyasından 2 həftə əvvəl Milli Şuranın əvvəlki sədri Rüstəm İbrahimbəyov, o cümlədən Milli Şuranın prezidentliyə sabiq namizədi Cəmil Həsənliyə müraciət edib: “Eyni vaxtda üç qurumun - Ziyalılar Forumu, “El” Hərəkatı və Milli Şuranın təşkilati məsələləri mənim çiynimdə olub. Ona görə xahiş etmişəm ki, bu yükün bir hissəsini dostlarımla, həmkarlarla bölüşmək istəyirəm. Sessiyada mənim xahişim nəzərə alınıb”.

E. Namazov Müsavat Partiyasının sessiyada Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədri seçilməsinə etiraz etməsinə də münasibət bildirib: “Müsavat Partiyası həmsədrlik institutunun və Rüstəm İbrahimbəyovun fəxri sədr olmasının əleyhinə çıxış edirdi. Başqa bir qrup isə Rüstəm İbrahimbəyovun Milli Şuraya fəxri sədr seçilməsi ideyasını hamı üçün kompromis ideya kimi qəbul etmişdi. Təəssüf ki, tərəflərdən biri - Müsavat Partiyası nəinki həmsədrlik, fəxri sədrlik məsələsində də mövqeyini dəyişmədi”.

Müsavat Partiyasının Milli Şuranı tərk etməsi ehtimalına münasibət bildirmək istəməyən E. Namazov Müsavatın qərarını gözləməyi zəruri sayıb: “Müsavat Partiyasının Milli Şura ilə bağlı necə qərarı verməsini gözləyərək. Qərardan asılı olaraq şərhlər olacaq”.

Eldar Namazov son 10 gün ərzində Strasburqda və Kiyevdə səfərdə olduğu üçün Milli Şuranın sessiyasına qatıla bilmədiyini qeyd edib. O, Kiyevdə olarkən dekabrın 5-də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təşəbbüsü ilə Müstəqil Vətəndaş Minsk Prosesinin nümayəndələri - Ermənistan prezidentinin xüsusi tapşırıqlar üzrə sabiq səfiri David Şahnazaryan və onunla keçirilən görüşdən də danışıb: “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı aparılan danışıqlar qapalı keçirilir. Cəmiyyətin mövqeyini öyrənmək baxımından Müstəqil Vətəndaş Minsk Prosesi mənim üçün maraqlı və faydalı bir ideyadır. Kiyevdə olarkən elektron poçtla mənə məktub gəldi ki, belə bir görüş təşkil olunub və mənim iştirakımı arzulayırlar. Mən də görüşdə iştiraka razılıq verdim. Bu, ilk görüş, birinci addımdır. Növbəti görüşlərdə müzakirə olunan məsələlər barədə cəmiyyətə məlumat veriləcək. Müstəqil Vətəndaş Minsk Prosesinin məğzi ondan ibarətdir ki, danışıqlar daha şəffaf olsun, cəmiyyət bu barədə daha çox informasiya əldə etsin və öz mövqeyini müəyyənləşdirsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR