Gürcüstan paytaxtında "Tbilisoba" bayramı keçirilir - FOTO

Gürcüstan paytaxtında "Tbilisoba" bayramı keçirilir - <span style="color: red;">FOTO
# 04 oktyabr 2013 22:24 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə- APA. Oktyabrın 4-dən Gürcüstan paytaxtında “Tbilisoba” (“Tiflis günü”) bayramı başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bayram tədbirlərinin keçirilməsi ilə əlaqədar oktyabrın 6-dək paytaxt yollarında, xüsusən Meydan məhəlləsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Ənənəyə görə, bayram günlərində müxtəlif sərgilər, konsertlər və digər əyləncəli proqramlar həyata keçiriləcək, rəsmi şəxslərin çıxışları dinləniləcək.

“Tbilisoba” oktyabrın 6-da Avropa meydanında başa çatacaq.

Tiflis şəhər meriyasından verilən məlumata görə, oktyabrın 5-də saat 12.00-da Meydan məhəlləsində süni çənlərə doldurulan və çaxır üçün yararlı olan üzümlərin əzilməsinə başlanılacaq, həmçinin burada konsert təşkil olunacaq. Sonra uşaqlar üçün müxtəlif əyləncəli və səhnələşdirilmiş musiqili oyunlar və konsertlər nümayiş olunacaq. Həmin gün hər il olduğu kimi ənənəvi avtoşou və meyvə festivalı keçiriləcək.

Ənənəyə görə, oktyabrın 5-də Kür çayında musiqiçilərin müşayiəti ilə gəzinti təşkil ediləcək, eyni zamanda Meydan məhəlləsində, Hamamlar deyilən ərazidə milli azlıqların folklor rəqs ansamblları maraqlı rəqs nümunələri nümayiş etdirəcək. Həmin gün azərbaycanlı uşaqların yer aldığı “Ceyran” folklor rəqs ansamblı da Azərbaycan xalq rəqslərindən ibarət proqramla çıxış edəcək.

Oktyabrın 6-da Marneulidən gələn çay dəstgahının nümayişi olacaq, habelə azərbaycanlıların dəmlədiyi çay, gürcü pivəsi və çaxır festivalı təşkil ediləcək. Tədbir zamanı Qorqasali meydanında “Retrobend” qrupunun konserti də keçiriləcək.

“Tbilisoba” bayramı oktyabrın 6-da Avropa meydanında “Vera küçəsinin melodiyası” musiqi nömrəsi və Sülh Körpüsünün üstündə hava şousu ilə başa çatacaq.

Qeyd edək ki, “Tbilisoba” bayramı 1978-ci ildən keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR