Daxili Qoşunların zabit və gizirləri üçün yeni tikilmiş yaşayış kompleksi istifadəyə verilib

Daxili Qoşunların zabit və gizirləri üçün yeni tikilmiş yaşayış kompleksi istifadəyə verilib
# 12 mart 2014 13:31 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili Qoşunların yaranmasının 22-ci ildönümü ərəfəsində paytaxtın Biləcəri qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsinin ərazisində zabit və gizirlər üçün yeni tikilmiş yaşayış kompleksi istifadəyə verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, açılış mərasimində daxili işlər naziri, general-polkovnik Ramil Usubov da iştirak edib.

Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov çıxış edərək, yeni kompleksin açılışının Daxili Qoşunların həyatında əlamətdar günlərdən biri olduğunu qeyd edib, bunu Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrə, o cümlədən Daxili Qoşunlara xüsusi diqqət və qayğısının nəticəsi kimi qiymətləndirib, Daxili Qoşunların komandanlığı və şəxsi heyəti adından ölkə rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Qeyd olunub ki, inşasına 2012-ci ilin iyununda başlanmış iki ədəd 6 mərtəbəli yeni kompleksin ümumi sahəsi 12 200 kvadratmetrdir. İki binada ümumilikdə 120 mənzil var və onların hər biri zəruri avadanlıqlarla təchiz edilib.

Daha sonra daxili işlər naziri, general-polkovnik Ramil Usubov çıxış edərək, prezident İlham Əliyevin salamlarını və təbriklərini tədbir iştirakçıların çatdırıb, yeni mənzillərin sahiblərini və ailə üzvlərini təbrik edib, onlara xoşbəxtlik, cansağlığı və xidməti fəaliyyətdə uğurlar arzulayıb.

Nazir yaşayış kompleksinin açılışını bildirən lenti kəsib, burada hərbi qulluqçular üçün yaradılmış şəraitlə yaxından tanış olub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR