Ukraynanın mətbuatı ABŞ kəşfiyyatının məlumatlarına istinadən Rusiyanın yaxın 48 saat ərzində Ukraynaya, xüsusilə Kiyev vilayətinə kütləvi raket zərbəsi endirə biləcəyi barədə xəbərdarlıq yayıb.
APA xəbər verir ki, bu barədə “INSIDER UA” “Telegram” kanalı məlumat verib.
Məlumatda bildirilir ki, son 32 saat ərzində S-400 və “İskəndər” raket kompleksləri üçün əlavə 11 raketin buraxılış mövqelərinə daşınması qeydə alınıb. Lakin bu rəqəm və ABŞ kəşfiyyatının konkret xəbərdarlığı rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.
Qeyd edək ki, Ukrayna Hərbi Hava Qüvvələrinin oktyabrın 28-də yaydığı məlumata görə, Rusiya həmin gecə Ukraynaya bir ballistik raket və 88 hücum dronu ilə zərbə endirib. Ukrayna tərəfi 71 dronun vurulduğunu və ya elektron mübarizə vasitələri ilə zərərsizləşdirildiyini bildirib.