Təhsil Nazirliyi yeni məzmunlu uşaq ədəbiyyatının yaradılması ilə bağlı Yazıçılar Birliyinə təklif verib

Təhsil Nazirliyi yeni məzmunlu uşaq ədəbiyyatının yaradılması ilə bağlı Yazıçılar Birliyinə təklif verib
# 16 dekabr 2014 10:30 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanın uşaq ədəbiyyatında yeni məzmunlu şeirlərin, hekayələrin, nağılların yaradılmasına ehtiyac var.

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib ki, uşaq ədəbiyyatı ilə bağlı yeni məzmunun yaradılması təhsil məmurları, işçiləri tərəfindən həyata keçirilə bilməz.

Nazirin sözlərinə görə, nə müəllimdən, nə də məktəb direktorundan dünya səviyyəli uşaq ədəbiyyatı yaratmaq tələb etmək olmaz: “Çünki xalqımızın bu sahə üzrə gözəl şairləri, yazıçıları, mütəxəssisləri var. Təhsil Nazirliyi olaraq biz dövlət adından Yazıçılar Birliyinə, müvafiq ittifaqlara, yazıçılara müraciət edirik ki, rəqabətli prinsiplər əsasında uşaq ədəbiyyatında yeni hekayələrin, müasir formatda olan ənənəvi hekayələrin, nağılların məzmunun yaradılmasına böyük ehtiyacımız var. Bu ehtiyacı öz tərəfimizdən duyuruq. Uşaq ədəbiyyatının yaradılması üçün bütün işləri, təşkilati məsələləri yerləşdirilməsini həyata keçirəcəyik. Bu gün bir çox məktəblərdə mütaliə klubları yaradılır. Bu yaxınlarda Təhsil Nazirliyi tərəfindən müsabiqə elan edilib. Bu müsabiqə yeni əsərlərin, uşaq ədəbiyyatının yaradılmasına maraq oyatmağa və canlandırmağa yönəlib. Bu məzmun yaradılarkən, müasirləşdirilərkən ondan müvafiq şəkildə tədris proqramlarında, dərsliklərdə və yaxud dərsdən kənar oxu, mütaliə fəaliyyətində istifadə etmək niyyətindəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR