“Muğanbank”ın aktivlərinin həcmi 18% artıb

“Muğanbank”ın aktivlərinin həcmi 18% artıb
# 16 iyul 2014 11:12 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin I rübündə “Muğanbank”ın aktivlərinin həcmi 368,147 mln. manat olub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 17,53% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə kredit portfelinin həcmində də artım qeydə alınıb.

Belə ki, 2013-cü ilin iyul ayının 1-nə nisbətən bu ilin eyni dövründə bankın kredit portfeli 16,07% artaraq 257,925 mln. manat təşkil edib. O cümlədən istehlak kreditlərinin həcmi 88,090 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin iyul ayının 1-nə olan göstəriciyə nisbətən 89,8% çoxdur. Bununla yanaşı, bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə 33% artaraq 12,836 mln. manat olub.

2013-cü ilin yanvar-iyun ayları ilə müqayisədə bu ilin müvafiq dövründə bankın depozit portfeli 31,95% artaraq 145,951 mln. manata çatıb. Bu ilin 6 ayında əhalinin əmanətlərinin həcmi isə 111,027 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 20,75% çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 8,01% artaraq 53 mln. 796 min manata, nizamnamə kapitalı isə 9,68% artaraq 45 mln. 306 min manata çatıb.

Bu ilin 6 ayında bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 24% artaraq 26,151 mln. manat, xərcləri isə 31% artaraq 22 mln. 615 min manat təşkil edib.

Cari ilin ilk altı ayı ərzində bankın əldə etdiyi mənfəət 3 mln. 536 min manat olub.

Hazırda bankın ölkə üzrə 38 filialı, 57 bankomatı, 659 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR