Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlük prosesi faktiki olaraq dayanıb və namizəd ölkə statusu artıq yalnız formal xarakter daşıyır.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Avropa Komissiyasının yaydığı bəyanatda deyilir.
Qeyd olunub ki, Gürcüstan namizəd statusu üçün Komissiyanın tövsiyəsində göstərilən doqquz addımı yerinə yetirməməkdə davam edir.
“Gürcüstan hakimiyyəti kursunu dəyişməsə və Aİ-yə üzvlüyün əsasını təşkil edən təməl prinsiplərə qayıtmasa, ölkə nə namizəd statusundan, nə də üzvlüyə hazırlıq prosesindən faydalana biləcək”, - deyə bəyanatda bildirilib.
Xatırladaq ki, Gürcüstana Aİ-yə üzvlüyə namizəd ölkə statusu 2023-cü ilin dekabrında verilib. Gürcüstan hökuməti 2024-cü ilin noyabrın 28-də Aİ-yə üzvlüklə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyini bəyan edib. Hökumət Gürcüstanın Aİ-yə üzvlüyə 2030-cu ildə daha hazırlıqlı olacağını bildirib.