“Neftçi” Avropa Liqasında mübarizəyə başlayır

“Neftçi” Avropa Liqasında mübarizəyə başlayır
# 16 iyul 2014 12:35 (UTC +04:00)

Bakı – APA. Sabah Avropa Liqasının II təsnifat mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk oyunlar çərçivəsində 40 qarşılaşma baş tutacaq.

Yarışda mübarizə aparan iki Azərbaycan klubu da mərhələnin ilk görüşündə qüvvəsini sınayacaq. Mübarizəyə II təsnifat mərhələsindən qatılan “Neftçi” 2014/15 mövsümündə ilk oyununu Bakıda keçirəcək.

Paytaxt təmsilçisi Sloveniyanın “Koper” klubunu qəbul edəcək. Ötən mövsümün uğursuzluğunu unutdurmaq istəyən Böyükağa Hacıyevin yetirmələri iki il əvvəl nail olduğuna – qrup mərhələsinə doğru addım atmağa çalışacaq.

İlkin mərhələdə Monteneqro “Çelik”ini darmadağın edən sloveniyalılar asan rəqib olmasa da, “Neftçi” doğma azarkeşləri önündə sərfəli nəticə əldə etməyə borcludu. Əks halda, onlar da “Qəbələ” kimi ilk səddə “ilişib” mübarizəni dayandıra bilər.

Bunadək iki dəfə Sloveniya klubları qarşısında aciz qalan “ağ-qarlar” 2000/01 və 2001/02 mövsümlərində səfərdə mərhələ şanslarını əldən vermişdi. Hər iki halda “HİT Qoritsa”yla qarşılaşan “Neftçi” evdə qol buraxmasa da (1:0 və 0:0) bu nəticələr cavab oyununda kifayət etməmişdi. Paytaxt təmsilçisi Sloveniyadakı məğlubiyyətin (1:3 və 0:1) əvəzini artıqlaması ilə çıxmalıdı ki, bu dəfə səfərə nisbətən rahat yollansın.

Moldova “Tiraspol”unu adlayan “İnter” daha çətin sınaq qarşısındadır. “Bankirlər” səfərdə İsveç təmsilçisi “Elfsborq”un qonağı olacaq. Əvvəlki iki oyunu baş məşqçisiz keçirən bakılıları bu dəfə qarşılaşmaya Kaxaber Sxadadze çıxaracaq.

Cəzası başa çatan təcrübəli mütəxəssis moldovalılarla qarşılaşmalarda buraxılan səhvlərin təkrarlanmamağı üçün yetirmələrini Skandinaviya səfərinə daha yaxşı hazırlayıb. Tarixində ilk dəfə 2 mərhələ adlamaq iddiasında olan “İnter” ötən mövsüm büdrədiyi yarımadadan münasib nəticə ilə dönməlidir. Bir il əvvəl Finlandiya və Norveçə səfər edən Sxadadzenin yetirmələri Skandinaviyanın 3-cü ölkəsində qüvvəsini sınayacaq.

Avropa Liqası

II təsnifat mərhələsi, ilk oyunlar

20:00. “Neftçi” (Azərbaycan) – “Koper” (Sloveniya)

Baş hakim: Denis Şerbakov (Belarus)

Bakı. “Bakcell Arena” stadionu

21:00. “Elfsborq” (İsveç) – “İnter” (Azərbaycan)

Baş hakim: David Massa (İtaliya)

Boras. “Boras Arena” stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR