Bu gün Azərbaycanda 1460 nəfər hemofiliyalı xəstə var

Bu gün Azərbaycanda 1460 nəfər hemofiliyalı xəstə var
# 17 aprel 2013 09:56 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Azərbaycanda 1460 nəfər hemofiliyadan əziyyət çəkən xəstə var. APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Respublika Elmi-Praktik Hemofiliya Mərkəzinin direktoru Elmira Qədimova jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ölkədə olan 1460 hemofiliyalı xəstənin 600-dən çoxu Bakı və ətraf qəsəbələrdə yaşayır. E.Qədimova qeyd edib ki, bölgələrdə az saylı hemofiliyalı xəstə var və onların da hər biri lazımi, pulsuz dərman preparatları ilə təchiz olunur.

Hemofiliyalı xəstələrə daha çox hansı yaşlarda təsadüf olunmasına gəlincə, mərkəz direktoru qeyd edib ki, Azərbaycanda olan 1460 hemofiliyalı xəstədən 150-si 1-7 yaş arasında, 150-si 7-15 yaş arasında, 700-ə yaxını 18-40 yaş arasında, qalanları isə 40 yaşdan yuxarıdır: “Ən yaşlı hemofiliyalı xəstə 70 yaşındadır. Artıq uzun zamandır ki, bu xəstə müalicə olunur və qanaxmadan dünyasını dəyişmir. Əgər 10 il öncə xəstələrin sayı 1000 nəfər idisə, bu gün onların sayının artmasına səbəb maarifləndirmə işlərinin geniş yayılması və diaqnozun düzgün qoyulmasıdır”.

Qeyd edək ki, hemofiliya ağır irsi qan xəstəliyidir. Xəstəlik ana vasitəsilə əsasən oğlan uşaqlarına ötürülür. Ən dəhşətli əlaməti odur ki, qan axmadan qansızmalarla müşahidə olunur. Hemofiliyalı xəstələrdə qan laxtalanmasında iştirak edən qan faktorları normadan artıq olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR