Elşad Nəsirov: "TAP-da pay almaq istəyən bir neçə potensial alıcı var"

Elşad Nəsirov: "TAP-da pay almaq istəyən bir neçə potensial alıcı var"
# 15 iyul 2015 16:21 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) investisiyalar və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov İtaliyanın "Snam S.p.A" Qrupunun Trans-Adriatik Təbii Qaz Boru Xəttində (TAP) 20% pay almaq istəyinə münasibət bildirib.

APA-Economics” xəbər verir ki, E. Nəsirovun sözlərinə görə, TAP-da pay almaq istəyən yalnız İtaliyanın "Snam S.p.A" deyil: "Artıq bir neçə potensial alıcı var. Bu onun göstəricisidir ki, bu layihə həqiqətən də stabil, davamlı və uzunmüddətlidir. Bu səbəbdən də bir çox nəqletmə, tikinti və neft şirkətləri bu layihədə iştirak etmək istəyirlər".

Vitse-prezident qeyd edib ki, hansı səhmdarın öz payını satmaq istədiyi barədə məlumatı yoxdur.

"Ancaq dəqiq deyə bilərəm ki, burada söhbət bizim payımızın alınmasından getmir. Hazırkı mərhələdə SOCAR öz payını satmaq niyyətində deyil. Bizim belə planlarımız yoxdur", - deyə E. Nəsirov qeyd edib.

Xatırladaq ki, "Snam S.p.A." baş icraçı direktoru Karlo Malakarnenin bildirib ki, şirkət iyun ayından etibarən TAP-da 20% səhm almaq üçün müvafiq qiymətləndirmə işlərinə başlayıb.

Onun sözlərinə görə, TAP-ın bəzi səhmdarları öz səhmlərini onun rəhbərlik etdiyi şirkətə satmaqda maraqlıdır. Şirkət rəhbərinin hesablamalarına əsasən, TAP-da 20% səhmin qiyməti təqribən 400 mln. dollar təşkil edəcək.

İtaliyaya səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev isə bəyan edib ki, Azərbaycan tərəfi "Snam S.p.A." Qrupunun TAP-da pay sahibi olmasına etiraz etmir.

TAP “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. Bu kəmərlə Azərbaycan qazının nəqlinin 2019-cu ildə başlanması nəzərdə tutulur.

Trans-Adriatik qaz kəməri layihəsində səhmdarlar arasında pay bölgüsü aşağıdakı kimidir: BP - 20%, SOCAR - 20%, “Statoil” - 20%, “Fluxys” - 19%, “Enagas” - 16% və “EGL-Axpo” - 5%.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR