Penitensiar Xidmət: Yadigar Sadıqovun saxlanılma yeri barədə ailə üzvlərinə məlumat verilib

Penitensiar Xidmət: Yadigar Sadıqovun saxlanılma yeri barədə ailə üzvlərinə məlumat verilib
# 04 avqust 2014 11:52 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Müsavat Partiyasının həbsdə olan başqan müşaviri Yadigar Sadıqovla bağlı məlumat yayıb.

APA-nın xəbərinə görə, məlumatda Y. Sadıqovun saxlanma yerinin gizlədilməsi barədə mətbuatda yayılan məlumatların əsassız olduğu bildirilib: “Cəzaların İcrası Məcəlləsinin 16-cı maddəsinə əsasən cəzanı icra edən orqan məhkumun razılığı ilə onun ailəsinə və ya yaxın qohumlarından birinə, yaxud məhkumun göstərdiyi şəxsə ona təyin olunmuş cəzanın icrası, cəzanın çəkilmə yeri, məhkumun yerdəyişmələri və azad edilməsi barədə məlumat verilir. Yadigar Sadıqovun da saxlanılma yeri barədə qanunvericiliyə uyğun olaraq ailə üzvlərinə məlumat verilib. Cəza çəkən şəxsin yaşadığı ünvana yaxın cəzaçəkmə müəssisəsində saxlanılması barədə qanunvericilikdə müəyyən olunmuş müddəa direktiv xarakter daşımır və bir qayda olaraq buna əməl edilir. Azadlıqdan məhrum edilmiş şəxsin qeydiyyatda olduğu ünvanla yanaşı, bütün digər amillər də nəzərə alınmaqla məhkumun cəzaçəkmə müəssisələri üzrə yerləşdirilməsi qanunvericiliklə Penitensiar Xidmətin səlahiyyətindədir".


Qeyd edək ki, bu gün Müsavat Partiyası da Yadigar Sadıqovla bağlı bəyanat yayaraq onun apellyasiya şikayəti əsasında məhkəmənin iyulun 22-də başa çatdığı bildirilib: “Qərarın təcridxanaya təqdim edildiyi gün Yadigar Sadıqov cəzaçəkmə müəssisəsinə köçürülməli idi. Onun dünənədək saxlanıldığı Şüvəlan təcridxanasının rəhbərliyinin məlumatına əsasən Yadigar Sadıqov qeydiyyatda olduğu Lənkəran şəhərinə yaxın olan, Salyanda yerləşən cəzaçəkmə müəssisəsinə göndərilməli idi. Avqustun 2-də Yadigar Sadıqov Şüvəlan təcridxanasından çıxarılsa da, Salyana aparılmayıb və onun hara aparıldığı haqqında nə vəkilləri, nə də ailəsi məlumatlandırılmayıb ”.

Y. Sadıqov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Lakin Şirvan Apellyasiya Məhkəməsi onun cəzasını 4 ilə endirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR