“Oxu.tv”-nin təqdimat mərasimi keçirilib

“Oxu.tv”-nin təqdimat mərasimi keçirilib
# 01 fevral 2013 12:38 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün “Kaspi” Təhsil Mərkəzinin dəstəyi ilə fəaliyyətə başlayacaq “Oxu.tv”-nin təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, Təhsil Nazirliyi rəsmilərinin, dövlət və hökumət nümayəndələrinin qatıldığı təqdimat mərasimində yeni yaradılacaq televiziya, onun fəaliyyəti və təhsilin inkişafında göstərəcəyi xidmətlər haqqında danışılıb.

Tədbirdə çıxış edən “Kaspi” Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva rəhbəri olduğu mərkəzin fəaliyyətinə toxunaraq, onun təhsil sahəsində əldə etdiyi uğurlardan danışıb. Bu uğurların sırasına mərkəzin dəstəyi ilə yaradılan “Oxu.tv”-nin də qatıldığını deyən S.Vəliyevanın sözlərinə görə, televiziya milli təhsil layihəsidir: “Layihənin əsas məqsədi Azərbaycanda orta təhsil bazasının möhkəmləndirilməsi, ölkənin bütün məktəblilərinin yüksək səviyyəli dərslər almaq, həmçinin müəllimlərin və xüsusilə gənc pedaqoji kadrların alternativ dərsləri görmək, bu sahədə təcrübə toplamaq imkanlarını artırmaqdır. Hesab edirəm ki, bu televiziya orta məktəblərdə təhsil alan, eyni zamanda bu və ya digər səbəbdən məktəbə gedə bilməyən əlillərin, repititor yanına gedə bilməyən şagirdlərin biliklərinin artırılmasında mühüm rol oynayacaq”.

Təhsil Problemləri İnstitutunun direktoru Yəhya Kərimov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, KİVDF sədri Vüqar Səfərli, Təhsil Nazirliyi mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə layihənin həyata keçirilməsində uğurlar arzulayıblar.

Sonra “Oxu.tv”-nin təqdimatına həsr olunmuş film nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR