Azərbaycanda mütaliə mədəniyyətinin yüksəldilməsi ilə bağlı yeni layihə həyata keçirilir

Azərbaycanda mütaliə mədəniyyətinin yüksəldilməsi ilə bağlı yeni layihə həyata keçirilir
# 16 dekabr 2014 09:21 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Bakı şəhərindəki Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə "Mütaliə mədəniyyətinin və oxuya motivasiyasının yüksəldilməsi" layihəsinin təqdimatı keçirilib. APA-nın xəbərinə görə, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, yazıçılar, Bakı və Sumqayıt məktəblərinin direktorları iştirak edib.

Tədbirdə məktəbin direktoru Yuliya Kərimova layihə barədə məlumat verib. Onun sözlərinə görə, layihənin məqsədi təhsil müəssisələrində mütaliə edən icmanın yaradılması vasitəsi ilə şagirdlərdə oxuya marağın artırılması, məktəblilərin bədii ədəbiyyat, sənədli əsər və digər mətn növləri ilə tanışlığını təşviq etməkdir. Direktor qeyd edib ki, layihə çərçivəsində şagirdlər və müəllimlər arasında oxunan ədəbiyyatın, müxtəlif mətn növlərinin müzakirə yolu ilə dəyərləndirilməsi, mübadiləsi, şagirdlərdə reflektiv oxu vərdişlərinin yaradılması nəzərdə tutulur.

Təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, mütaliənin populyarlaşdırılması şagirdlərdə geniş dünyagörüşünün formalaşmasına təsir göstərəcək. O, layihənin ümumtəhsil məktəb şagirdlərinin mütaliəyə həvəsini artıracağını və onların bədii estetik zövqünün inkişafına, mənəvi tərbiyəsinə müsbət təsir edəcəyini vurğulayıb.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev layihənin əhəmiyyətini yüksək dəyərləndirib. Təhsil Nazirliyinin şagirdlərdə mütaliə mədəniyyətinin yüksəldilməsi istiqamətində apardığı işləri təqdir edən AYB sədri bu prosesə dəstək verəcəklərini bildirib.

Sonra nazir, yazıçılar və müxtəlif yaş qruplarında təhsil alan şagirdlərdən təşkil olunan klubların üzvləri mütaliə etdikləri kitabları müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR