Astarada FHN-in 10 illik yubileyinə həsr olunmuş rayon birinciliyi keçirilib - FOTOSESSİYA

Astarada FHN-in 10 illik yubileyinə həsr olunmuş rayon birinciliyi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 24 aprel 2015 09:17 (UTC +04:00)

Astara. Ağəddin Babayev - APA. Astara şəhər 3 saylı tam orta məktəbinin idman meydançasında Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 10 illik yubileyi münasibətilə FHN-nin Cənub Regional Mərkəzi, Astara Rayon Təhsil Şöbəsi (RTŞ) və rayon Gənclər və İdman İdarəsinin (RGİİ) birgə təşkilatçılığı ilə gənc xilasedici və yanğınsöndürənlərin rayon birinciliyi keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, Astara Rayon İcra Hakimiyyətinin (RİH), RTŞ-nin, RGİİ-nin, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının, Rayon Polis Şöbəsinin, FHN-in Cənub Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə Xidmətinin Astara rayon Dövlət Yanğından Mühafizə Hissəsinin nümayəndələrinin qatıldıqları tədbirin keçirilməsində məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, sağlam həyat tərzinin təbliği, şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin aşılanması, hərbi-vətənpərvərlik tərbiyəsinin aşılanmasından ibarət olub.

Yarışlarda Astara şəhər 1, 3, 4, 5 nömrəli tam orta məktəblərin, rayonun Artuba və Təngərüd kənd tam orta məktəblərinin ümumilikdə 60 nəfərlik komandaları güclərini sınayıblar.

Yarış “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Gənc ekspertlər müsabiqəsi” adı altında dörd mərhələdə davam edib.

Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən rayonun Təngərüd kənd tam orta məktəbi birinci, şəhər 5 nömrəli tam orta məktəbi ikinci və şəhər 1 saylı tam orta məktəbi üçüncü yeri özünə təmin ediblər.

Qalib komandalar FHN-in Cənub Regional Mərkəzi, Astara rayon Təhsil Şöbəsi, Astara rayon Gənclər və İdman İdarəsinin diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Birinci yeri tutan komanda isə FHN-in yaradılmasının 10 illik yubileyi münasibətilə keçiriləcək gənc xilasedici və yanğınsöndürənlərin zona yarışlarında iştirak etmək hüququ qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR