Nazir müavini: "Yaponiya Azərbaycanda infrastruktur layihələrinin reallaşdırılmasına bundan sonra da dəstək verəcək"

Nazir müavini: "Yaponiya Azərbaycanda infrastruktur layihələrinin reallaşdırılmasına bundan sonra da dəstək verəcək"
# 01 may 2015 14:18 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu-APA-Economics. “Azərsu” ASC-də Azərbaycanda səfərdə olan Yaponiyanın Torpaq, infrastruktur, nəqliyyat və turizm nazirinin müavini Keniçiro Uenonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

“Azərsu”dan “APA-Economics”ə verilən məlumata görə, qurumun sədri Qorxmaz Hüseynov iki ölkə arasında əlaqələrin dinamik inkişaf etdiyini xatırladaraq bildirib ki, Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinə Yaponiya hökuməti və şirkətləri böyük maraq göstərir. Azərbaycanda həyata keçirilən su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi yaxından iştirak edir.

“Azərsu” tərəfindən respublikanın 26 şəhər və rayon mərkəzində yeni içməli su və kanalizasiya infrastrukturları yaradılır. Qusar, Xaçmaz, Xızı və Naftalan şəhərlərində işlər Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə maliyyələşdirilən “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində uğurla davam etdirilir. Bu layihəyə uyğun olaraq yaxın günlərdə daha bir rayon mərkəzində - Qobustan şəhərində su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulmasına başlanılacaq”, - deyə Q. Hüseynov bildirib.

K. Ueno Azərbaycanın iqtisadi uğurlarını yüksək qiymətləndirib və Yaponiya hökuməti və şirkətlərinin ölkəmizdə infrastruktur sistemlərinin yenidən qurulması layihələrinə bundan sonra da dəstək verəcəyini bildirib.

Görüşdə “Azərsu” ilə Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi arasında gələcək inkişaf perspektivi ilə bağlı təkliflərin ətraflı müzakirə edilib, “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”nin icra vəziyyəti və perspektiv planlarla bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində 5 şəhər və rayon mərkəzində - Qusar, Xaçmaz, Xızı, Naftalan, Qobustan şəhərlərində su təchizatı və kanalizasiya sistemləri yenidən qurulması Yaponiyanın ayırdığı kredit hesabına reallaşdırılır. Ümumilikdə, bu layihədən 200 mindən artıq insan faydalanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR