BMT-nin İnsan Haqları Şurasının toplantısında Azərbaycana dair Ümumi Dövri Hesabata baxılıb

BMT-nin İnsan Haqları Şurasının toplantısında Azərbaycana dair Ümumi Dövri Hesabata baxılıb
# 30 aprel 2013 20:25 (UTC +04:00)

APA-nın məlumatına görə, müzakirələrdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

BMT-nin İnsan Haqları Şurasının müzakirəsinə iki hesabat - Azərbaycan hökumətinin hesabatı və Şuranın öz hesabatı çıxarılıb. Müzakirələrdə iştirak edən 83 ölkənin nümayəndəsi Azərbaycana bir sıra tövsiyələr verib. Müzakirələrdə əsasən Azərbaycanla bağlı müsbət fikirlər səsləndirilib, ölkədə İnsan Haqlarına dair Milli Fəaliyyət Planının və korrupsiya ilə mübarizə sahəsində xüsusi proqramın qəbul edilməsi alqışlanıb.

Müzakirələrdə həmçinin Azərbaycanda söz və mətbuat azadlığının vəziyyəti, siyasi fəalların həbsi, QHT-lərin qeydiyyatı, seçki prosedurları, müstəqil məhkəmə hakimiyyəti, sərbəst toplaşma azadlığı, din azadlığı ilə bağlı məsələlər vurğulanıb. Türkiyə təmsilçisi Azərbaycanın Dağlıq Qarabağ problemindən bəhs edib, məcburi köçkünlərin öz yurdlarına qayıtması üçün beynəlxalq ictimaiyyətin səylərinin vacib olduğunu deyib.

Rusiya təmsilçisi isə Azərbaycanı ASAN xidməti ilə bağlı fəaliyyətinə görə alqışlayıb.

Azərbaycan hökumətinə edilən tövsiyələr arasında sərbəst toplaşmaq azadlığının təmini, yetkinlik yaşına çatmayanlar üçün ayrıca məhkəmə strukturunun yaradılması, qadınların rəhbər vəzifələrdə təmsilçiliyinin artırılması, korrupsiya ilə mübarizənin davam etdirilməsi, təhsilə qoyulan sərmayənin artırılması kimi məsələlər olub.

Azərbaycan hökuməti bu toplantıdakı tövsiyələri qəbul edib-etməməsinə dair qərarına yaxın 6 ayda verməlidir.

Müzakirələrdə müxtəlif sahələr üzrə suallara xarici işlər nazirinin müavini Xələf Xələfov Mərkəzi Seçki Komissiyasının (MSK) beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov , Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Ədliyyə nazirinin müavini Toğrul Musayev və Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov cavab veriblər.

Ədliyyə nazirinin müavini Toğrul Musayev Azərbaycanda məhkəmə islahatlarının davam etdiyini, Məhkəmə-Hüquq Şurasının fəaliyyət göstərdiyini deyib. T. Musayev bildirib ki, hazırda Azərbaycanda 3000 QHT qeydiyyatdan keçib, hətta qeydiyyatı olmayan QHT-lər də normal fəaliyyət göstərə bilirlər: “Azərbaycanda QHT-lərin fəaliyyəti üçün hər hansı problem yoxdur. Qəbul edilmiş qanunlar isə onların fəaliyyətini asanlaşdırmaq və qaydaya salmaq üçündür. Azərbaycanda QHT-lərin qeydiyyatının ləğvi ilə bağlı məhkəmə müraciətləri çox nadir hallarda olub”.

Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov isə deyib ki, Azərbaycan “Diffamasiya haqqında” da Avropa standartlarına uyğun qanunun qəbul edilməsinin tərəfdarıdır. O, digər ölkərlə də qanunvericilikdə böhtan və təhqirə görə sanksiyalar nəzərdə tutulduğunu xatırladıb.

MSK-nın şöbə müdiri Rövzət Qasımov isə qurumun seçki kampaniyasını təşkil etməsindən, şəffaflığın təmin edilməsi üçün quraşdırılmış veb-kamera sistemindən, MSK-nın ATƏT və Avropa Şurası ilə əməkdaşlıq etməsindən danışıb.

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov isə ölkənin demokratiya yolunda addımladığını bildirib. O qeyd edib ki, son illər plüralizm, söz və mətbuat azadlığı, sosial bərabərliyin təmin olunması üçün çoxlu işlər görülür.

Azərbaycandakı vəziyyətlə bağlı beynəlxalq diqqətin olmasından məmnunluğunu ifadə edən X. Xələfov ölkənin dialoqa açıq olduğunu vurğulayıb.

Nazir müavini Dağlıq Qarabağ problemi barədə də danışıb, məcburi köçkünlərin hüquqları ilə bağlı problemləri qaldırıb. O, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməyə qadir olduğunu da vurğulayıb.

Azərbaycanda mülki və siyasi hüquqlarla bağlı nailiyyətlərin çoxaldığını deyən nazir müavini çatışmazlıqların da varlığını etiraf edib. O bildirib ki, Azərbaycan azad, ədalətli, beynəlxalq standartlara uyğun seçki keçirmək qərarına sadiqdir: “Bu və digər məsələlərdə Avropa institutları ilə əməkdaşlığımızı davam etdirəcəyik”.

İqtisadi nailiyyətlərdən danışan X. Xələfov ölkədə yoxsulluq həddinin cəmi 6 faiz təşkil etdiyini bildirib.

Qeyd edək ki, Azərbaycanda insan haqlarının vəziyyəti BMT İnsan Haqları Şurasının iclasında sonuncu dəfə 2009-cu ilin fevralında müzakirə olunub. Universal Dövri İcmal sessiyaları isə 3 ildən bir keçirilir. Hər bir sessiya 16 ölkənin icmalına həsr olunub. Hər bir dövlət üzrə 3 ölkəni təmsil edən 3 məruzəçi təyin olunur. Bu sessiyada Azərbaycan üzrə məruzəçilər Maldiv, Liviya və Perunu təmsil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR