Azərbaycandan Şarm əl-Şeyxə birbaşa aviareys açıla bilər

Azərbaycandan Şarm əl-Şeyxə birbaşa aviareys açıla bilər
# 27 may 2015 13:21 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Misirin Cənubi Sinay vilayətinin qubernatoru Xalid Fodanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə iqtisadiyyat və sənaye naziri, Azərbaycan və Misir arasında hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri Şahin Mustafayev ölkələr arasında əlaqələrin uğurla davam etdiyini, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin, keçirilən görüşlərin əməkdaşlığın inkişafında xüsusi əhəmiyyətini vurğulayıb.

O qeyd edib ki, Azərbaycan nümayəndə heyəti bu yaxınlarda Misirdə keçirilmiş "Misirin iqtisadi inkişafı" mövzusunda Beynəlxalq Konfransda iştirak edib. Misir nümayəndə heyətinin Azərbaycana səfəri də iki ölkə arasında əlaqələrin inkişafına öz töhfəsini verəcək. Ölkələrin siyasi, humanitar və energetika sahəsində əməkdaşlıq etdiyini qeyd edən Ş. Mustafayev kənd təsərrüfatı, turizm, sənaye, alternativ enerji sahələrində əməkdaşlıq imkanlarının olduğunu diqqətə çatdırıb. Görüşdə ölkələrin regionları arasında əlaqələrin genişləndirilməsinin önəmi vurğulanmış, iş adamları arasında əməkdaşlığın təşviq olunmasının əlaqələrin inkişafı baxımından əhəmiyyətli diqqətə çatdırılıb.

X. Foda ölkəsinin güclü iqtisadiyyata malik Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Ölkələr arasında əməkdaşlığın inkişafı baxımından qarşılıqlı səfərlərin intensivləşdirilməsinin önəmini qeyd edən X. Foda Azərbaycan nümayəndə heyətini bu ilin noyabrında və 2016-cı ildə Misirdə keçiriləcək iqtisadi forumlara dəvət edib.

Turizm sahəsində əlaqələrin genişləndirilməsi üçün geniş potensialın olduğunu diqqətə çatdıran X. Foda Azərbaycan və Şarm əl-Şeyx arasında birbaşa hava reysinin açılmasını, eləcə də Misirdə Azərbaycan həftəsinin keçirilməsini təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR