Bu ilin 10 ayı üzrə sığorta şirkətlərinin daxilolmaları və ödənişlərinin məbləği açıqlanıb

Bu ilin 10 ayı üzrə sığorta şirkətlərinin daxilolmaları və ödənişlərinin məbləği açıqlanıb
# 19 noyabr 2015 13:40 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda toplanmış sığorta haqlarının məbləğinə görə, 1-ci yeri “Paşa Sığorta” şirkəti tutub.

Bunu bu gün keçirilən ənənəvi brifinqdə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov deyib.

ASA rəhbərinin sözlərinə görə, şirkət 10 ayda 57,5 mln. manat sığorta haqqı toplayıb. Sonrakı yerlərdə qərarlaşan “Paşa Həyat Sığorta”nın yığımları 48 mln. manat, “Atəşgah Sığorta”nın yığımları isə 37,6 mln. manat olub. Sığorta yığımlarının məbləğinə görə, ilk beşliyi “Azərsığorta” (36,5 mln. manat) və “Atəşgah Həyat Sığorta” (32,7 mln. manat) şirkətləri tamamlayır. Ümumilikdə bazarın 56%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 212,3 mln. manat) düşür.

Ən az sığorta haqqı toplayanlar isə “Başak İnam” (914 min manat), “Amrah Sığorta” (740 min manat), “Azərqarant” (212 min manat), “Çartis Azərbaycan” (62 min manat) və “Günay Sığorta” (60 min manat) şirkətləri olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 2 mln. manat olub və ümumi sığorta yığımlarının 0,5%-ni təşkil edib.

Lisenziyası ötən ilin dekabr ayında dayandırılmış, bu ilin iyununda isə ləğv edilmiş “Era-Trans” sığorta şirkəti təbii olaraq sığorta haqqı toplamayıb.

Ümumilikdə, 27 sığorta şirkətindən 1-də sığorta haqlarının məbləği 50 mln. manatdan çox, 1-də 40 mln. manatdan çox, 3 şirkətdə 30 mln. manatdan çox, 1 şirkətdə 20 mln. manatdan çox, 5 şirkətdə 10 mln. manatdan çox, 4 şirkətdə 5-10 mln. manat arasında, 6 şirkətdə 1 mln. manatdan 5 mln. manata qədər, 2 şirkətdə 500 min manatdan 1 mln. manata qədər, 4 şirkətdə isə 500 min manatdan da aşağıdır. Şirkətlərdən 9-da sığorta haqlarının artımı, 18-də isə azalması baş verib.

10 ayda sığorta ödənişlərinin məbləğinə görə də 1-ci yerdə “PAŞA Sığorta” şirkətidir – 24,6 mln. manat. Sonrakı yerləri tutmuş “Qala Həyat Sığorta”nın ödənişləri 16,4 mln. manat, “Atəşgah Sığorta”nın ödənişləri isə 13,1 mln. manat təşkil edib. Ödənişlərin məbləğinə görə, ilk 5-liyi “Atəşgah Həyat Sığorta” (11 mln. manat) və “Azərsığorta” (10,5 mln. manat) şirkətləri tamamlayır. Ümumilikdə, ödənişlərin 54%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 75,6 mln. manat) düşür.

Ən az ödəniş edən şirkətlər isə “Era-Trans” (179 min manat), “Günay Sığorta” (82 min manat), “Çartis Azərbaycan” (53 min manat) və “Azərqarant” (2 min manat manat) olub. Bu şirkətlərin ümumi göstəricisi 356 min manat olub ki, bu da ödənişlərin 0,2%-ni təşkil edir.

Ümumilikdə 27 sığorta şirkətindən 1-də ödənişlərin məbləği 20 mln. manatdan çox, 4-də 10 mln. manatdan çox, 5-də 5 mln manatdan çox, 9-da 1 mln. manatdan 5 mln. manata qədər, 3 şirkətdə 500 min manatdan 1 mln. manata qədər, 2 şirkətdə 100 min manatdan 500 min manata qədər, 3 şirkətdə isə 100 min manatdan da aşağıdır. Şirkətlərdən 16-da sığorta ödənişlərinin artımı, 11-də isə azalması baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR