Fəxrəddin Qədirov: “Sürüşmələr, çökmələr və uçqunların operativ tədqiqi üçün Tətbiqi Geologiya Laboratoriyası yaradılmalıdır”

Fəxrəddin Qədirov: “Sürüşmələr, çökmələr və uçqunların operativ tədqiqi üçün Tətbiqi Geologiya Laboratoriyası yaradılmalıdır”
# 06 fevral 2015 15:31 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında AMEA Yer Elmləri Bölməsinin akademik-katibi Fəxrəddin Qədirov Bölmənin 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabat verərkən deyib.

F. Qədirov bildirib ki, çətin çıxarıla bilən neft ehtiyatları olan yataqların proqnozunun geoloji kiriteriyaları və işlənilməsi üsullarının üsullarının hazırlanması bölmənin alimlərinin qarşısında duran elmi-praktik məsələlərdir: “İnstitutlarda elmi-tədqiqat işlərinin nəticələrinin patentləşdirilməsi üçün müvafiq qurumların yaradılmasını vacib sayırıq. İnstitutda olmasa da, heç olmasa Rəyasət Heyətinin nəzdində bir patentləşdirmə ilə bağlı qurum olmalıdır. Çünki bu, bir sual olaraq qalıb”.

F. Qədirov AMEA Yer Elmləri Bölməsinin Yerin maqnit sahəsinin öyrənilməsi istiqamətində çox geri qaldığını bildirib: “Azərbaycanda dünya standartlarına uyğun maqnit rəsədxanalar sisteminin yaradılması, Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə dünya elm aləminə inteqrasiya da mühüm rol oynaya bilər. Maqnit qasırğalarının öyrənilməsi istiqamətində AMEA-da tədqiqatların aparılmaması o qədər də xoşagələn deyil”.

F. Qədirov qeyd edib ki, Azərbaycan ərazisində regionlarda baş verən ekzogen geoloji təhlükəli proseslərin (sürüşmələr, çökmələr, uçqunlar və s) operativ tədqiq olunması və regionun faydalı qazıntılarının, termal suların işlədilməsinin elmi əsaslarının hazırlanmasına, tibbi geologiyanın inkişaf etdirilməsində AMEA Gəncə Bölməsində Tətbiqi Geologiya Laboratoriyasının yaradılmasını məqsədəuyğun hesab edirlər: Tətbiqi Geologiya Laboratoriyasının yaradılması Gəncə və ətraf rayonlar üçün böyük əhəmiyyət daşıyardı”.

F. Qədirovun sözlərinə görə, qarşıda duran əsas məsələlərdən birinin də AMEA Naxçıvan Bölməsində seysmologiya sahəsində tədqiqatların aparılmasına köməklik göstərilməsidir. Abşeron yarımadasının şimalında yerləşən, Binəqədi qəsəbəsinin cənub-şərqində Qır gölü içərisində tapılmış Binəqədi dördüncü dövr fauna skeletləri dünyada unikal tədqiqat obyektidir. Bu obyektə dünya alimlərinin də böyük marağı var.

AMEA Yer Elmləri Bölməsi Xəzər Mərkəzinin və Neft və Qaz İnstitutunun, Yer Fizikası və Seysmologiya İnstitutunun yaradılması istiqamətində işlərin davam etdirilməsini də məqsədəuyğun saydıqlarını vurğulayan F. Qədirov deyib ki, bu məsələnin nə zamansa müsbət həllini tapacağına ümid edirlər: “AMEA Yer Elmləri Bölməsi Fövqəladə Hallar Nazirliyi ilə birlikdə Fövqəladə Hallar Atlasının hazırlanmasını da qarşıda duran ən vacib məsələlərdən biri hesab edir”.

F. Qədirov Respublika Seysmoloji Xidmət Mərkəzinin bina baxımından çox ağır vəziyyətdə olduğunu da nəzərə çatdırıb: “Mərkəzin tədqiqatları yüksək olsa da, yerləşdikləri bina xarici qonaqlara göstəriləsi durumda deyil. Mərkəz üçün yeni bina haqqında düşünmək lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR