I Avropa Oyunlarına həsr olunan poçt markası buraxılıb

I Avropa Oyunlarına həsr olunan poçt markası buraxılıb
# 20 noyabr 2014 13:20 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün 2015-ci ilin yayında keçiriləcək I Avropa Oyunlarını qeyd etmək məqsədi ilə altı ədəd poçt markasının ilk buraxılışı təqdim edilib.

Rəngli markalar I Avropa Oyunlarının keçiriləcəyi obyektlərin altısını, o cümlədən, gələn il açılış və bağlanış mərasimlərinin, eyni zamanda, yüngül atletika yarışlarının keçiriləcəyi milli stadionu əks etdirən unikal bədii təsvirlərdən ibarətdir.

Təsvir olunan digər obyektlərə Tofiq Bəhramov Stadionu, “Crystal Hall”, Heydər Əliyev Arenası, Bakı Su İdmanı Mərkəzi və Milli Gimnastika Arenası daxildir.

Tədbirdə çıxış edən Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini cənab İltimas Məmmədov bildirib ki, bu markalar gələn ilin yayında Bakıda elit idman növləri üzrə yarışların keçiriləcəyi bir sıra dünya səviyyəli obyektləri nümayiş etdirir.

“Onlar gələn ilin yayında keçiriləcək və bütün Avropanı bir arada birləşdirəcək möhtəşəm idman tədbirindən gözəl xatirə olaraq bütün Azərbaycanda tanınacaq”, - deyə İ. Məmmədov bildirib.

Qeyd edək ki, hər bir markanın dəyəri 60 qəpikdir. Gələn il keçiriləcək I Avropa Oyunlarına daxil edilən hər bir 20 idman növünü əks etdirən təsvirlərin ikinci buraxılışı hazırlanacaq. Gələcəkdə 26 markanın hər birini bir arada əks etdirən üçüncü xatirə kitabı da buraxılacaq.

Gənclər və İdman naziri, I Avropa Oyunları Əməliyyat Komitəsinin Baş icraçı direktoru Azad Rəhimov isə deyib ki, markalar birinci Avropa Oyunları ilə əlaqədar olaraq buraxılacaq kolleksiya əşyalarının geniş hissəsini təşkil edir.

“Əminəm ki, markalar gələcək illərdə təkcə möhtəşəm idman obyektlərimizi əks etdirən valehedici görünüşlərinə görə deyil, həm də bütün ölkənin Bakı 2015 Avropa Oyunlarına göstərdiyi dəstəyi əks etdirərək yaddaşlarda qalacaq”, - deyə A. Rəhimov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR