İntiqam Əliyevin məhkəməsi davam etdirilib

İntiqam Əliyevin məhkəməsi davam etdirilib
# 21 aprel 2015 13:35 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə İntiqam Əliyevin vəkilləri Şəhla Hümbətova, Cavad Cavadlı, Elçin Sadıqov və Fəxrəddin Mehdiyev müdafiə nitqi ilə çıxış ediblər.

Onlar müdafiə etdikləri şəxsin günahsız olduğunu, hər hansı cinayət törətmədiyini, bildirib, məhkəmədən bəraət hökmü çıxarılmasını istəyiblər.

Onlar iş üzrə zərərçəkən kimi tanınan Gülşən Orucovanın ifadələrinin üst-üstə düşmədiyini də deyiblər.

Dövlət ittihamçısı Fərid Nağıyev isə replika hüququndan istifadə edərək bildirib ki, müdafiə tərəfi özlərini sərf edən vaxtı zərərçəkən Gülşən Orucovanın ifadəsinə istinad edirlər, onun ifadəsinin digər hissələrinə isə əhəmiyyət vermirlər.

Prokuror müdafiə tərəfinin İntiqam Əliyevin barəsində həbs qətimkan tədbiri seçilməmiş iş yerində axtarışa başlanması barədə iddialarının da əsassız olduğunu deyib. Dövlət ittihamçısı vurğulayıb ki, İntiqam Əliyev barəsində həbs qətimkan qərarı seçiləndən sonra maddi sübutların toplanmasına başlanıb və istintaq zamanı hər hansı qanun pozuntusuna yol verilməyib.

Proses aprelin 22-də davam etdiriləcək.

Qeyd edək ki, İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR