Yavər Camalov: «Silahlı Qüvvələrimiz regionun qüdrətli ordusuna çevrilib»

Yavər Camalov: «Silahlı Qüvvələrimiz regionun qüdrətli ordusuna çevrilib»
# 15 aprel 2013 20:47 (UTC +04:00)

Nazirin sözlərinə görə, 2013-cü ilin ilk rübü müdafiə sənayesi nazirliyi üçün uğurlu olub: «Nazirliyin müəssisələrində ümumilikdə 37,3 milyon manatlıq məhsul istehsal edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 dəfə artım deməkdir. İstehsal olunan məhsulların tərkibində müdafiə təyinatlı məmulatların xüsusi çəkisi 84,2 faiz təşkil edib. 2013-cü ildə Müdafiə Nazirliyi və digər güc strukturları tərəfindən müdafiə təyinatlı məmulatların istehsalı üzrə 450 milyon manatdan çox sifariş verilib. Birinci rübdə artıq 95,7 milyon manat məbləğində müqavilə bağlanıb. Müqavilələrin tam həcmdə yerinə yetirilməsi üçün ciddi tədbirlər görülür. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində hesabat rübündə təhvil verilmiş məmulatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə, çeşidlərin sayı isə 3,8 dəfə artıb.

Birinci rübdə istehsal olunub sifarişçilərə təhvil verilmiş məmulatlardan PKM pulemyotunu, 60 millimetrlik minaatanı, “Zəfər-K” tipli tapançanı, AK-74M tipli avtomatı, müxtəlif növ döyüş və siqnal patronlarını, əl qumbarasını, piyada və tank əleyhinə minaları, atıcı silahlar və zirehli texnikaların ehtiyat hissələrini və s. göstərmək olar.

Nazirliyin müəssisələri tərəfindən istehsal edilmiş 30 “Matador” və “Marauder” zirehli nəqliyyat vasitələrinin və “Orbiter-2M” tipli pilotsuz uçuş aparatları üzrə 5 sistemin bütün sınaqları uğurla həyata keçirilərək sifarişçiyə təhvil verilmişdir. Həmçinin, Müdafiə Nazirliyinin istifadəsində olan 27 “Orbiter” tipli pilotsuz uçuş aparatları üzərində əsaslı təmir və təkmilləşdirmə işləri aparılaraq sifarişçiyə təhvil verilib. Hazırda 60 zirehli maşının və “Aerostar” tipli pilotsuz uçuş aparatları üzrə 4 sistemin istehsalı üçün müvafiq işlər aparılır. 2013-cü ilin İstehsal Proqramına uyğun olaraq nazirliyin müəssisələri tərəfindən yaradılma üzrə 71 mövzunu və 212 mərhələni əhatə edən elmi-tədqiqat və təcrübi konstruktor işlərinə başlanılıb. Hesabat dövründə 107 millimetrlik 12 lüləli yaylım atəşli reaktiv sistemin yaradılması işləri tam başa çatdırılıb. Məmulatın seriyalı istehsalı və silahlanmaya qəbul edilməsi tövsiyə olunub.

Bundan başqa, cari ildə NATO standartlarına uyğun 7,62x51 millimetrlik snayper tüfənginin, zenit qurğuları və avtomatik toplar üçün 23 və 30 millimetrlik müxtəlif növ patronların, piyada əleyhinə qəlpəli minaların, 30 və 40 millimetrlik qumbaraatanlar üçün atəş yığımlarının, atıcı silahlar üçün müxtəlif növ alışdırıcı kapsulların, atıcı silahlar üçün kompaslı prizmatik binoklların və xüsusi təyinatlı avtomobillər üzərində müxtəlif növ silahların quraşdırılması üzrə işlər də tam başa çatdırılaraq onların seriyalı istehsalına başlanılacaq».

Y. Camalovun sözlərinə görə, cari ildə bütün növ döyüş sursatlarının istehsalında əsas dəstləşdirici kimi istifadə olunan partlayıcı maddələr - barıt, trotil və heksogenin istehsalı üzrə 3 zavodun tikintisinə başlanılacaq. «Məlumat üçün bildirirəm ki, həmin zavodlar üçün lazım olan müasir texnoloji avadanlıqların çox hissəsi ölkəyə gətirilib. 2013-cü ildə təhvil verilməsi nəzərdə tutulan daha 6 istehsal sahəsində son tamamlanma və sazlama işləri aparılır. Həmin sahələr - 40x46 millimetrlik qumbaraatan üçün müxtəlif növ qumbaralı atəş yığımlarının istehsalı, 23, 30 və 40 millimetrlik döyüş sursatları üçün müxtəlif tipli partlayıcıların istehsalı, 30 millimetrlik A42 topunun istehsalı, artilleriya və tank topları üçün müxtəlif çaplı mərmilərin gövdələrinin isti ştamplanması və mexaniki emalı, həmin mərmilərin atəş yığımlarının gilizlərinin istehsalı sahələri, habelə adıçəkilən mərmilərin doldurulması və yığılması zavodlarıdır. Bununla da, nazirliyin yaranmasından keçən müddət ərzində istifadəyə verilmiş istehsal sahələrinin ümumi sayı 47-yə çatacaq.

İstifadəyə veriləcək yeni istehsal sahələrini müasir avadanlıqlarla təmin etmək məqsədilə inkişaf etmiş ölkələrin şirkət və firmalarından 300-ə yaxın dəzgah, xüsusi cihaz və alətlərin alınması üzrə müqavilələrin bağlanmasına başlanılıb. Bu işlər qısa müddətdə başa çatdırılacaq».

Nazir qeyd edib ki, nazirliyin müəssisələrində istehsal olunan məhsulların mütəmadi olaraq beynəlxalq müdafiə sənayesi sərgilərində nümayişi artıq ənənə halını alıb. «2009-cu ildə İstanbul sərgisində nazirlik 27 adda məmulatla təmsil olunduğu halda, ötən ilin noyabrında İndoneziyada keçirilən sərgidə 125 adda məmulat nümayiş etdirilib. Bu ilin mayında Türkiyənin İstanbul şəhərində keçiriləcək İDEF-2013 sərgisində isə 130 adda məmulatla iştirak edəcəyik. İlk dəfə olaraq 7,62x54 millimetrlik “Gürzə” pulemyotu, 7,62x51 millimetrlik “Yalquzaq” snayper tüfəngi, 7,62x54 millimetrlik HP-7,62 tipli hücum pulemyotu, “Gürzə” patrul maşını, “Aerostar” və “Orbiter” tipli pilotsuz uçuş aparatları və s. məmulatlar nümayiş etdiriləcək. Bu, artıq XI beynəlxalq sərgidir ki, nazirlik istehsal etdiyi məhsullarla iştirak edir. Həmişə olduğu kimi, bu sərgidə də hərbi texniki əməkdaşlığın müxtəlif istiqamətləri üzrə razılaşmaların əldə olunacağı və bir sıra yeni layihələrin reallaşdırılması nəzərdə tutulmuşdur. Onu da qeyd edim ki, respublikamızın tarixində ilk dəfə olaraq 2014-cü ilin sentyabrında Bakı şəhərində “ADEX-2014” Beynəlxalq müdafiə sənayesi sərgisinin keçirilməsi nəzərdə tutulur. Hazırda bu istiqamətdə təşkilati işlərlə yanaşı, dünyanın aparıcı şirkətləri ilə danışıqlar aparılır», deyə o bildirib.

Yavər Camalov daha sonra mülki təyinatlı məhsulların istehsalı, ixtisaslı kadrların hazırlanması, elektron hökumətə keçidlə bağlı nazirlikdə görülən işlər barədə də məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR