Bakının 5 rayonunda kadastr işlərinin icrası yekunlaşdırılıb

Bakının 5 rayonunda kadastr işlərinin icrası yekunlaşdırılıb
# 29 oktyabr 2014 15:19 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bakı şəhərinin Yasamal, Nəsimi, Nərimanov, eləcə də Səbail və Xəzər rayonlarında kadastr işlərinin icrası artıq yekunlaşdırılıb.

Əmlak Məsələləri Dövlət Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə komitənin 2014-cü ilin yanvar-sentyabr aylarında görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirədə bildirilib.

Müşavirədə qeyd olunub ki, ölkənin 53 şəhər və rayonu üzrə sadə modelli elektron kadastr məlumat bazasının yaradılması (100 000 ha) işlərinin icrası yekunlaşmaq üzrədir. Layihə çərçivəsində hazırlanmış kadastr məlumatlarının vahid informasiya bazasına köçürülməsi istiqamətində tədbirlər görülür.

Eyni zamanda, Almaniya Hökumətinin maliyyə dəstəyi ilə Şəki və Gəncənin tam ərazisini (təxminən 250 min ha) əhatə edən tam məzmunlu kadastr işləri davam etdirilir.

Bakı şəhərinin Binəqədi, Qaradağ, Pirallahı, Nizami və Xətai rayonları üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi üzrə işlərin icrası da davam etdirilir.

Ümumilikdə, cari ilin sentyabr ayınadək Bakı şəhəri üzrə 1325, Sumqayıt şəhəri üzrə 80, Gəncə şəhəri üzrə 684, Mingəçevir şəhəri üzrə 23 və Şirvan şəhəri üzrə 35 küçə və prospektlərin daşınmaz əmlak obyektlərinə yeni qaydalara uyğun giriş və daxili ünvanları təyin edilib. Bakı şəhərinin 304 küçə və prospekti üzrə giriş nömrə nişanları, bina ünvan lövhələri, 5 ədəd informasiya lövhəsi, 16 ədəd park informasiya lövhəsi və 30 ədəd küçə istiqamətləri nişanı quraşdırılıb.

Qeyd edək ki, “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsi Almaniyanın KfW Bankının maliyyə dəstəyi ilə həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR