Böyrək çatışmazlığından əziyyət çəkən 2635 xəstə hemodializ müalicəyə cəlb olunub

Böyrək çatışmazlığından əziyyət çəkən 2635 xəstə hemodializ müalicəyə cəlb olunub
# 12 mart 2015 13:42 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Dünyanın müxtəlif ölkələrində 1 milyon əhaliyə 550-1800 xroniki böyrək xəstəsi düşür ki, onların da təxminən 45-50% böyrək əvəzləyici terapiya ilə (hemodializ və poriton dializi) müalicələrini davam etdirirlər. Hazırda Azərbaycanda 1 milyon əhaliyə 450-550 böyrək çatışmazlığı xəstəsi düşür ki, onlardan da təxminən 255-270 nəfəri hemodiliz müalicəsinə cəlb olunurlar”.

APA-nın xəbərinə görə, M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, son illər xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin sayı artıb. F.Babayev qeyd edib ki, bu sahədə aparılan işlər, xüsusilə mətbuat tərəfindən əhalinin maarifləndirilməsi, son il yarım ərzində regionlarda aparılan dispanzerizasiya tədbirləri belə xəstələrin daha çox və vaxtından əvvəl aşkarlanmasına şərait yaradır: “Son illər ərzində Bakıda və regionlarda 26 yeni dializ mərkəzi istifadəyə verilib. Əgər 2006-cı ildə ölkədə fəaliyyət göstərən 4 hemodializ mərkəzində 437 xəstə dövlət hesabına dializ seansları qəbul edirdisə, bu gün 7-si Bakı şəhərində və 26-sı regionlarda olmaqla 33 dializ şöbəsində 2635 xəstə bu müalicə ilə təmin olunublar. Bu il daha 3 yeni dializ şöbəsinin açılışı planlaşdırılır. Bu gün respublikada 486 dializ aparatı fəaliyyət göstərir və hər bir aparat 3 növbəli iş rejimində 6 xəstəyə xidmət edir. Ötən il ərzində 352 416 hemodializ seansı aparılıb. Onlardan 155 037-si Bakıda, 197 379 seans bölgələrdə həyata keçirilib”.

Şöbə müdiri Azərbaycanda xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin daha çox hansı bölgələrdə olduğunu da açıqlayıb. Onun sözlərinə görə, ən yüksək xəstə sıxlığı Gəncə, Şəmkir, Mingəçevir və Bərdə zonasındadır: “Orada 1 milyon əhaliyə təxminən 253 xəstə düşür. Bu da həmin regionlarda xəstəliyin daha çox yayılması ilə yox, bu bölgələrdə insanların sayının daha çox olması ilə bağlı bağlıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR