Akif Tağıyev: “Əsgər Abdullayevin müdafiə taktikası ilə belə bir komandaya 3 qol vura bilməzdik”

Akif Tağıyev: “Əsgər Abdullayevin müdafiə taktikası ilə belə bir komandaya 3 qol vura bilməzdik”
# 16 avqust 2014 10:49 (UTC +04:00)

Bakı – APA. “Klub rəhbərliyi ilə aramızda heç bir narazılıq olmayıb. Sadəcə, baş məşqçi Əsgər Abdullayevlə fikirlərimiz üst-üstə düşmədi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Araz-Naxçıvan” klubundan ayrılan gənc futbolçu Akif Tağıyev deyib.

“Araz-Naxçıvan”dan kənarlaşdırılması haqda xəbərlərə münasibət bildirən 22 yaşlı yarımmüdafiəçi əsas probleminin baş məşqçi ilə olduğunu deyib: “Əsgər Abdullayev bildiyi yeganə futbol taktikasından əl çəkmir: ancaq müdafiə. Belə olmaz axı. Arada hücum da etmək lazımdı. Mən yarımmüdafiədə xəttində yer alıram, işim rəqib qapısına doğru hücumlar təşkil etməkdi. Amma o, bunu istəmirdi”.

Tağıyevin fikrincə, baş məşqçi ilə problemi Topaz Premyer Liqasının I turunda “Neftçi” üzərində qazanılan 3:0 hesablı qələbədən sonra başlayıb: “Həmin görüşdə meydana əvəzetmədən daxil oldum. Özümü yaxşı tərəfdən göstərdim. Oyun bitdikdən sonra Abdullayev mənə “get əvəzedici heyətdə oyna, sonra gələrsən” dedi. Mən də narazılığımı bildirib, özüm komandadan ayrıldım. Haqqımda klubun saytında yazılanlar cəfəngiyatdı. Klubdan ayrılmaq qərarını mən vermişəm, Əsgər Abdullauev yox”.

Artıq çəkisinin olmadığı vurğulayan yarımmüdafiəçinin fikrincə, belə xəbərlər yaymaqla, ona mane olmaq istəyirlər: “Həmin xəbər kiminsə sifarişi ilə yazılıb. Çünki başqa kluba keçməyimi istəmirlər, mənə problem yaradırlar. Saytınız vasitəsilə o sifarişi verənə deyirəm ki, adam kişi olar. Kişidirsə, düz danışsın. Nə qədər çalışsalar da, klubsuz qalmayacam”.

“Neftçi” üzərində qələbəyə gəlincə, Tağıyev rəqibin zəif oynadığını bildirib: “Həmin görüşdə rəqib çox zəif çıxış etdi. Yoxsa Əsgər Abdullayevin müdafiə taktikası ilə belə bir komandaya 3 qol vura bilməzdik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR