MTRŞ sədri: “Teleseriallarımızın keyfiyyəti ilə bağlı problemlər hələ də qalır”

MTRŞ sədri: “Teleseriallarımızın keyfiyyəti ilə bağlı problemlər hələ də qalır”
# 03 mart 2015 09:55 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Demək olar ki, Azərbaycan telekanallarının efirində teleseriallarımızın kəmiyyəti ilə bağlı hər hansı problem yoxdur”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli söyləyib.

N.Məhərrəmli deyib ki, Azərbaycanda teleserialların çəkilməsi məsələsi xarici teleserialların yayımının dayandırılması ilə ortaya çıxıb: “MTRŞ telekanallarımızda xarici teleserialların yayımını dayandırandan sonra bu sahədə boşluq yarandı və bu boşluğu doldurmaq üçün biz prezidentə müraciət etdik. Prezidentin ayırdığı vəsait hesabına da o boşluq qismən aradan qaldırıldı. Ötən dövrdə Azərbaycanda 1500-dən çox seriya çəkilib. Son ayrılmış 6 milyon manat vəsait hesabına təqribən 25-dən çox serial çəkilib. Başqa sözlə, bütün telekanallar birlikdə 1000-ə yaxın serial çəkiblər. Bu, çox böyük göstəricidir. Yəni Azərbaycan efiri serial baxımından xarici telekanallardan asılı vəziyyətə düşməyib. Amma çox təəssüf ki, serialların keyfiyyəti ilə bağlı problemlər hələ də qalır. Əgər xarici ölkələrdə hər teleserialın bir seriyasına 250-300 min, bəzən 400 min dollar vəsait xərclənirsə, Azərbaycanda 12-15 min manat xərclənir. Görün, nə qədər fərq var?! Ona görə də keyfiyyət arasında bu yüksək dərəcədə fərqi biz bunda görürük. Hesab edirəm ki, Azərbaycanda da zamanla artıq serialların çəkilməsinə daha çox diqqət ayrılacaq və daha keyfiyyətli seriallar görəcəyik”.

MTRŞ sədri bildirib ki, serial anlayışında yüksək sənət əsərindən söhbət getmir: “Yüksək sənət əsərləri ilə bağlı Azərbaycan dövləti Mədəniyyət və Turizm Nazirliyinə vəsait ayırır və o vəsait hesabına da filmlər çəkilir. Seriallar isə funksiyasına görə daha çox gündəlik həyat tərzi ilə əlaqədar məsələlərlə bağlıdır. Seriallarla bağlı yüksək sənət əsəri gözləmək çox çətindir. Əlbəttə, belə seriallar olsa, biz buna çox sevinərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR